Bütün dünyada olduğu kimi geosiyasi gərnginliklərin aydan-aya daha da dərinləşməsi və əsas mərkəzi bankların faizlərlə bağlı endirim qərarları qiymətli metalları tarixi maksimum zirvələrə qaldırdı. Bu artım Azərbaycandan da yan keçməyib. Qiymətli metal bazarının iki əsas bençmarkı qızıl və gümüş manata qarşı kəskin dəyər qazanmaqda davam edirlər.
Banker.az Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə istinadən xəbər verir ki, qızıl bu gün hər unsiya üzrə 7 675.8 manata, hər qram üzrə isə 370.8 manata yüksələrkən, gümüşün hər unsiyası 135.64 manat (qramı 4.78 manat) olub.
Hər iki metal bu ilə istər valyutalara, istərsə də digər əsas əmtəələrlə nisbətdə xeyli dəyər qazanmış olub.
Manat qarşısında qızılın qiyməti təkcə son bir ayda 6% üzərində, bu ilin əvvəlindən 72% artım göstərib. Eyni ssenari ikinci populyar qiymətli metal olan gümüşün qiymət trayektoriyasında da müşahidə edilsə də, qızıla nisbətdə daha kəskin artımla yüksəlir. Məsələn, gümüş manat qarşısında təkcə bir ayda 39%, keçən ilin əvvəli ilə müqayisədə isə 167% (2.7 dəfə) artıma nail ola bilib.
Azərbaycanda son illərdə bu qıiymətli metalların bahalaşması idxal iştahını da yüksəldib. İdxal statistikasına nəzər yetirdikdə isə, Azərbaycan qeyri-monetar qızıl idxalını 2025-ci ilin ilk on ayında 44 441 kiloqram və ya 4 milyard 515,06 milyon ABŞ dollarına çatdırıb. Təkcə oktyabr ayında ölkə əlavə 5 963 kq və 764,74 milyon dollarlıq qızıl idxal edib.
Yeni rəqəmlərə əsasən, Azərbaycanın qızıl idxalında ən böyük pay Avstraliya (7 104 kq; 760,1 mln $), Rusiya (6 783 kq; 656,7 mln $), ABŞ (4 453 kq; 458,8 mln $), Böyük Britaniya (4 860 kq; 481,2 mln $) və İsveçrə (3 453 kq; 396,3 mln $) kimi ölkələrin payına düşür. Qazaxıstan, Özbəkistan, Cənubi Afrika Respublikası və Kanada da əsas tədarükçülər sırasındadır.
Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun ehtiyat artırması da davam edir. ARDNF 2025-ci ilin ilk 9 ayında ehtiyatını 38,2 ton yüksəldərək 184,8 tona çatdırıb. Mərkəzi Bankın sədri Taleh Kazımov qızılın qiymətində volatilliyə baxmayaraq, bahalaşma trendinin növbəti il də davam edəcəyini bildirib.








