Ölkədə 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin səpini başa çatmaq üzrədir. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 24 dekabr 2025-ci il vəziyyətinə ölkə üzrə 921,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bu, ötən ilin eyni dövrü – 2025-ci ilin məhsulu üçün yanvarın 1-i vəziyyətində qeydə alınmış 941,7 min hektarla müqayisədə 20 min hektar və ya təxminən 2.1 faiz azdır.
Cari mövsümdə səpin sahəsinin 98.9 faizi, yəni 911,2 min hektarı dən üçün payızlıq bitkilərin payına düşür. Keçən il bu göstərici 932,2 min hektar idi. Beləliklə, dən üçün payızlıq bitkilərin ümumi səpin sahəsi bir il ərzində 21 min hektar azalıb.
Buğda əkinlərində azalma daha nəzərəçarpan görünür. 2026-cı ilin məhsulu üçün 444,7 min hektar buğda səpilib. Halbuki əvvəlki mövsümdə bu göstərici 505,5 min hektar təşkil edirdi. Bu, buğda səpin sahəsində 60,8 min hektarlıq və ya təxminən 12 faiz azalma deməkdir.
Arpa əkinləri isə əksinə, artım göstərib. Cari mövsümdə 466,4 min hektar arpa səpilib, ötən il isə bu rəqəm 426,6 min hektar idi. Nəticədə arpa sahələri 39,8 min hektar və ya təxminən 9.3 faiz genişlənib. Çovdar əkinlərinin həcmi hər iki dövrdə dəyişməyərək 0,1 min hektar səviyyəsində qalıb.
Rayonlar üzrə bölgüyə nəzər saldıqda, buğda səpinində Cəlilabad yenə də lider mövqeyini qoruyub və sahələr 47 min hektardan 54 min hektara yüksəlib. Füzulidə buğda sahəsi 25,2 min hektardan 23,2 min hektara enib, Şamaxıda isə azalma daha kəskin olub – 28 min hektardan 13 min hektara düşüb. Ağcabədi və İsmayıllıda buğda əkinləri müvafiq olaraq 21 min hektardan 18,8 min hektara və 20,1 min hektardan 18,7 min hektara geriləyib. Əvəzində Şəkidə buğda sahələri 21,9 min hektardan 18,7 min hektara düşsə də, rayon ümumi səpin həcminə görə yenə də ön sıralarda qalır.
Arpa əkinlərində isə Şəkidə artım müşahidə olunub – 38,1 min hektardan 41,2 min hektara yüksəlib. Neftçalada arpa sahələri 26,6 min hektardan 28,8 min hektara çatıb, Qobustanda isə 14,8 min hektardan 17,5 min hektara qədər artıb. Kürdəmir və Ağsuda isə müəyyən azalma qeydə alınıb.







