“iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bəzi istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.
Telefon enerji yığımı zamanı ekran açıq olduqda dinamiklərdən zəif xışıltı səsi eşidilə bilər.
İstifadəçilərin sözlərinə görə, bu səs yalnız cihaz şarj qurğuya qoşulduqda yaranır – istər kabel vasitəsilə, istərsə də “MagSafe” simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs tamamilə yox olur.
Bəzi istifadəçilər telefonlarını zəmanət çərçivəsində dəyişsələr də, problem bəzən yeni əldə olunan cihazlarda da təkrarlanıb.
“Apple” mütəxəssislərinin məsələdən xəbərdar olduğu və problemi araşdırmaq üçün mühəndislərə ötürdüyü bildirilir. Əgər nasazlıq proqram təminatı ilə, məsələn, enerji idarəetməsi və ya audio drayverlərlə bağlıdırsa, problem gələcək iOS yeniləməsi ilə aradan qaldırıla bilər. Problemin aparat hissəsi ilə əlaqəli olduğu təsdiqlənərsə, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklif edəcəyi gözlənilir.







