12 C
Baku
Monday, January 5, 2026

Venesuelada baş verənlər və nəhəng aysberqin görünməyən tərəfi

Ucuz enerji qlobal iqtisadiyyatın ayaqda qalması üçün əsas şərt kimi önə çıxır.

430+ trilyon dollarlıq qlobal var-dövlət artımı real iqtisadiyyatla ziddiyyət yaradır.

Venesuela hadisələri narkotik və nəzarətdənkənar pulların qlobal sistemə qaytarılması prosesinin bir hissəsidir.

Venesuelada baş verənlərin zəruriliyi, enerji qiymətləri, təsirləri və sair haqqında son 10 ildə bəlkə azı 15-20 dəfə yazdığım üçün təkrara yol vermək istəmirəm. Qlobal iqtisadiyyatda baş verənlər, hesablamalar, düşüncələr, dünyanın beyin mərkəzlərinin üzərində işlədikləri təhlillərin bəzilərinə toxunmazdan öncə enerji qiymətləri ilə bağlı qısaca olaraq bir neçə qeyd: iqtisadiyyatı durğunluğa düşən Avropa İttifaqı və Yaponiyanın, iqtisadiyyatı inkişaf etməkdə olan Hindistanın, bir sıra Afrika ölkələrinin, Argentinanın, iqtisadiyyatında müəyyən narahatlıq və geriləmələrin yaşandığı Çinin, o cümlədən neft-qaz idxalçısı olan İsrail, Cənubi Koreya, Türkiyə və digər ölkələrin ucuz enerjiyə ehtiyacı çoxdur və əslində bütün bu ölkələrin məhz ucuz enerji (xüsusilə neft/qaz) qiymətləri ilə bağlı mənafe, düşüncə və mövqeləri üst-üstə düşür. Ölkəmizin mənafeyi üçün nə qədər acı səslənsə də, qeyd etdiyim və etmədiyim onlarla neft/qaz idxalçısı olan ölkələrin 1 barel / 60 dollar qiymətinin dünya iqtisadiyyatının böyüməsinə mane olan amillərdən biri kimi qiymətləndirilməsi ilə bağlı mənafe, fikir, mövqe və proqnozlar üst-üstə düşür. Yeni Düzən qurularkən dünya iqtisadiyyatının da ayaqda qalması üçün şərtlərdən biri enerji məsələsidir. Enerji resurslarının yenidən bölüşdürülməsi və enerji məsələlərinə yeni baxışın formalaşması hazırda baş verən əsas proseslərdən biridir.

Amma məsələ təkcə enerji (xüsusilə neft/qaz) məsələləri ilə bitmir. Bu məsələ aysberqin görünən tərəfidir. İndi isə azacıq olaraq aysberqin görünməyən tərəfinə, dərinliyə baş vurmağa çalışaq.

Hazırda dünya beyin mərkəzlərindəki iqtisadçıların üzərində çalışdıqları önəmli strateji məsələlərdən cəmi 1-2-sinə nəzər salaq. 2010-cu ildə qlobal var-dövlətin həcmi təxminən 169 trilyon dollar, 2015-də təxminən $250 trilyon dollar, 2020-də təxminən $431 trilyon dollar və 2025-də $500 trilyon dollardan çox olaraq qiymətləndirilir. Artım tempini görürük. Pandemiya bu tempi yavaşlatsa da, 2026-cı ilin sonuna rəqəmin 550 trilyon dolları keçəcəyi gözlənilir. Təhlillər və gedişat göstərir ki, qlobal iqtisadiyyat bu artım tempini həzm edə bilmir. Korporasiyaların sürətli kapitallaşması isə real bazar dəyərinə əlavə olaraq şişmələrin də olduğunu əks etdirir. Daha sadə dillə desək, ABŞ və Avropanın  iri korporasiyaları üçün qlobal bazar daralır. Bu daralmada Çinin ixrac ekspansiyasiyası, ABŞ və Avropa malları ilə rəqabətdə önə çıxması önəmli rol oynasa da, həlledici rolu oynamır. Həlledici rolu qlobal tələbin, xüsusilə iqtisadiyyatı zəif ölkələrin keyfiyyətli və bahalı ABŞ və Avropa brendlərinə tələbləri alıcılıq qabiliyyətinin düşməsi səbəbindən daha ucuz Asiya məhsullarına nisbətdə zəifləyir. Bu qlobal gücləri, o cümlədən ABŞ, Britaniya, Avropa İttifaqı, Yaponiya, hətta Cənubi Koreya kimi ölkələri ciddi narahat edir. Bunların hamısı ABŞ-nin strateji müttəfiqləridir. Deməli, bu ölkələr üçün yeni bazarlar lazımdır. Bu bazarlar isə Afrika ölkələri daxil olmaqla iqtisadi cəhətdən geri qalmaqda olan ölkələrdir ki, bu ölkələrin iqtisadi inkişaflarını sürətləndirmək əsas strateji xətlərdən biri kimi qəbul olunub və bu istiqamətdə ciddi addımlar atılır. (Afrika ölkələrinin 2023-cü ilin sonuna real, 2024-cü ilin sonuna proqnozlaşdırılan iqtisadi artım (real GDP) faizlərini əks etdirən xəritə əlavə olunur).

Deməli, əsas prinsiplərdən biri aydındır. Biz yer kürəsində yaşayırıq və yer kürəsində qlobal iqtisadiyyatdan kənarda qalan hər bir ölkə bu iqtisadiyyatda yerini tutmalı, ya rezervləri, ya da istehlakı ilə öz rolunu oynamalıdır. Əks halda belə ölkələr qlobal iqtisadiyyat üçün yük hesab olunur.

İndi isə maliyyə tərəfinə keçək. 2000-ci ildə qəbul olunmuş 30 illik strateji xəttin həyata keçməsinə mane olan əsas amillər iqtisadiyyatdan kənarda olan trilyonlarla dollar vəsaitlər idi. Bank sirri məsələsi bank hesablarına (xüsusilə İsveçrə bankları) nəzarət etməyə, təhlil etməyə və çirkli pulları iqtisadiyyata daxil etməyə imkan vermirdi. İlk olaraq 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra bank hesablarını təqdim etməmək terrorizmi maliyyələşdirmək və çirkli pulların yuyulmasına yardım etmək kimi qiymətləndirildi. Bank sirri ilə bağlı məsələ həll oldu. Növbəti maneə ofşor bank və şirkətləri ilə bağlı idi. Xüsusilə son 10 ildə atılan addımlar və gedişat ofşor bank və şirkətləri də qlobal iqtisadi səhnədən arxa plana atdı. Bu gün ofşorlardakı əməliyyatlar da, oradakı vəsaitlər də ciddi nəzarət, həm də sahibləri üçün ciddi risk altındadır. Bu səbəbdən vəsaitlər hesablardan çıxarılaraq əmlaklara, səhmlərə, qiymətli metallara (o cümlədən qızıl, gümüş, paladium və sair), kriptovalyutalara axmağa başladı. Qiymətlər də, nəticələr də göz önündədir. Yazının əvvəlində qeyd etdiyim sürətli var-dövlət artımının da səbəblərindən biri budur. Deməli, 30 illik planın 25 illik hissəsində əslində xeyli irəliləyiş əldə olundu, lakin nəzərdə tutulan plandan geri qalma yenə öz narahatlığını saxlayır.

Deməli, enerji qiymətləri, bank sirrinin aradan qaldırılması, ofşor bank və şirkətlərin paylarının və dövriyyələrinin azaldılması, maliyyə vəsaitlərindəki şəffaflıq, iqtisadiyyatlardan kənarda yatan vəsaitlərin iqtisadiyyatlara geri qayıtması və digər məsələlər böyük həcmlərdə öz həllini tapdı. Məhz qlobal var-dövlətin artması sürətlə artmaqda olan qlobal borc qayğılarını və risklərini yumşaldan əsas amillərdən biri kimi qiymətləndirilir.

Atılması nəzərdə tutulan addımların hamısına toxunmaq əvəzinə cəmi növbəti maneələrdən ikisinə toxunacam. Bunlardan biri artıq nəzarətdən çıxmaqda olan, sosial şəbəkələrin və texnologiyanın inkişafı ilə də satışları daha da artan narkotika dövriyyəsi. İnkişaf etmiş ölkələrdəki demoqrafik problemlər + anqlo-saks irqinin digər irqlərin artımları fonunda azalması və nüfuz dairələrini itirmə risklərinin artması və satılan narkotiklərin vəsaitlərinin ABŞ-yə dost olmayan, qlobal iqtisadiyyata töhfələri minimum olan ölkələrə axması fonunda narkotik istifadəsi artıq ABŞ-ni narahat etməyə başlayıb. Qeyd edim ki, Venesuelada 1 həftə öncə vurulan tibbi mərkəzin əslində həqiqətən narkotik istehsalı mərkəzi olduğunu Venesuela da etiraf etmiş, Maduro bunun ardınca Trumpa dialoq təklif etmişdi. Trump artıq Meksika haqqına düşündüklərinə işarə edib. Argentina zatən Trump pərəstişkarı olan Prezident Mileyin addımları nəticəsində iqtisadi problemlərin bir hissəsini həll etməyə, ABŞ-nin iqtisadi dəstəyini almağa nail olub. Argentina, Braziliya və Çili istisnadır. Sonrakı mərhələnin Kolumbiya, Kuba və digər ölkələr olacağı, ABŞ-nin Mərkəzi (Panama kanalı məsələsini həll etdi) və Cənubi Amerikanı da öz istehlak bazarına çevirməyi düşünür. Lakin bunun üçün həmin ölkələrin iqtisadi konyukturası da dəyişməlidir. Qeyd etdiklərim 1-2 ilin deyil, növbəti illərin məsələsidir.

608641104 25547094968258508 4460186829448036280 n

Ölkələrin isə istehlak bazarlarına çevrilib qlobal iqtisadiyyata inteqrasiyası ən çətin, ağrılı, lakin davamlı olaraq aparılacaq siyasətlərdən biridir. Məsələn, resursları istismar olunub tükənmiş Afrikanın qlobal iqtisadiyyatdan kənarda qalması, rifahın aşağı olması səbəbindən nəzarət altından çıxan miqrasiya axınlarının inkişaf edən ölkələrin, xüsusilə Avropa İttifaqı ölkələri üçün ciddi risklər yaratması ABŞ və Avropanı son 15 il ərzində Afrika ölkələrinin iqtisadi inkişaflarına imkan vermələrinə səbəb oldu. (2015-ci ildə bir yazımda digər ölkələr üçün qapalı hesab olunan Afrika ölkələri digər ölkələrin üzünə açılır. Çin burada öncül yerlərdən birini tutmaqadadır fikirlərini əhatə və təhlil edən məqaləmi burada təkrar etmək doğru olmaz). Yeri gəlmişkən, Yəmən məsələsinin həlli Səudiyyə Ərəbistanına tapşırılıb. Orada şiə yönümlü Husilərin təmizlənməsi ilk məsələlərdən biridir. Dünyanın 1/5 ərazisini əhatə etsə də, qlobal ÜDM-nin cəmi təxminən 1.7%-ni verən Rusiya ilə bağlı da eyni düşüncələr var. Yəni, ölkələrdə rifahların artırılması həmin ölkələrin vətəndaşlarının gözlərinə, qaşlarına aşiq olma səbəbindən deyil, qlobal istehlak bazarının yuxarıda qeyd etdiyim səbəblərdən kiçilməsinin korporasiyalara vurduğu zərərlər, inkişaf etmiş ölkələrin borclarının davamlı olaraq artması və kütləvi miqrasiyanın (növbəti illərdə beyin ovu kütləvi miqrasiyanı daha geniş əvəz edəcək trend olacaq) qarşısının alınmasına cəhd etmək, qlobal iqtisadi trendlərdən kənarda qalan ölkələrin qlobal iqtisadiyyat üçün yükə çevrilməsi səbəblərindəndir.

611339326 25547094988258506 2231338164042848700 n

Deməli, məsələ Maduro, Xamenei, Putin, Zelenski deyil. Məsələ, monarxiya, diktatura məsələsi də deyil. Məsələn, Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsini Trump`ın necə dəbdəbəli qarşılamasını, aparılan bazarlıqları, Səudiyyə Ərəbistanının qlobal iqtisadiyyata və ABŞ-yə töhfəsi ilə bağlı fikirləri, Vəliəhd Prinsə qarşı çox isti münasibətlərini hamımız görürük. Məsələ, hər bir ölkənin dünyanın strateji xəttini dərk edərək həmin xətdə hansı rolu oynaya bilməsi, hansı mövqeyi tutması, iqtisadi siyasətinin qlobal iqtisadiyyatının tərkib hissəsi olub olmaması və sair bu kimi məsələlərdir. Yekunlaşdırsaq, qlobal trendə qarşı çıxmaq üzünə əsən küləyə tüpürməyə bənzəyər.

P.S. Deməli iqtisadi inkişaf trendinin səmərəliliyi, sürəti və mahiyyəti əslində qlobal iqtisadiyyatı dərk etməyə bağlıdır. O səbəbdən yazılarım indiyə qədər daha çox qlobal makroiqtisadi və maliyyə sektorunda baş verənlərin təhlilinə yönəlmişdi.

P.S.S. Məlumat üçün onu da qeyd edim ki, fəaliyyətimdə həyata keçirməyi düşündüyüm dəyişikliklər səbəbindən yaxın bundan sonra təhlil və yazılarımı, açıqlama və müsahibələrimi ən azı 5-6 dəfə azaltmağı və minimuma endirməyi düşünürəm. O səbəbdən açıqlama, çıxış və müsahibələrlə bağlı neqativ cavabları hər hansı mətbuat orqanına açıqlama verməmək istəyi ilə deyil, qeyd etdiyim bu səbəbdən ümumi olaraq qəbul olunmasını xahiş edirəm.

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər