8 C
Baku
Saturday, January 10, 2026

“Anthropic” şirkəti $350 milyard dəyərində qiymətləndirilə bilər

“Claude” çat-botunun tərtibatçısı olan “Anthropic” şirkəti biznesinin 350 milyard dollar dəyərində qiymətləndirilməsi ilə 10 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazıb. Bu göstərici şirkətin dörd ay əvvəlki qiymətləndirməsindən demək olar ki, iki dəfə yüksəkdir. Sövdələşmənin yaxın həftələrdə bağlanacağı gözlənilir, cəlb olunacaq vəsaitin yekun həcmi isə dəyişə bilər.

Yeni investisiya raundu “Anthropic” üçün son bir il ərzində üçüncü meqasövdələşmə olacaq. Bundan əvvəl sentyabr ayında şirkət 13 mlrd dollar investisiya cəlb edib və həmin vaxt 183 milyard dollar dəyərində qiymətləndirilib.

Bu sövdələşmə, ehtimal ki, süni intellekt sahəsində startaplara yatırımlar üçün daha bir rekord ili açacaq. “PitchBook”un məlumatına görə, 2025-ci ildə Sİ şirkətləri rekord 222 milyard dollar vəsait cəlb ediblər ki, bu da 2024-cü illə müqayisədə iki dəfədən çoxdur. Həmçinin 2026-cı il də IPO-lar baxımından əlamətdar ola bilər: gözləntilərə görə, “Anthropic” bu il birjaya çıxacaq.

Yeni kapital “Nvidia” və “Microsoft”un “OpenAI”nin rəqibinə yatırmağı planlaşdırdığı 15 milyard dolları tamamlayır. Sövdələşmə çərçivəsində “Anthropic” “Microsoft Azure” buludunda 30 milyard dollar dəyərində hesablama gücü alacaq. Bu platformada “Nvidia”nın süni intellekt çiplərindən istifadə olunur.

“The Wall Street Journal”ın daha əvvəl yazdığına görə, “Anthropic” 2028-ci ildə ilk dəfə zərərsiz fəaliyyət mərhələsinə çıxmağı planlaşdırır ki, bu da ona “OpenAI”dən daha tez mənfəət əldə edən şirkətə çevrilməyə imkan verə bilər. “ChatGPT”nin tərtibatçısı olan “OpenAI” də əlavə investisiya cəlb edilməsi ilə bağlı danışıqlar aparır. WSJ-nin məlumatına görə, “OpenAI” yeni investisiya raunduna qədər 750 milyard dollar dəyərində qiymətləndirmə ilə 100 mlrd dollara qədər vəsait cəlb etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər