“Paramount Skydance” “Warner Bros. Discovery”nin “Netflix” striminq xidməti ilə birləşməsinin qarşısını almaq üçün şirkətin direktorlar şurasına öz namizədlərini irəli sürmək niyyətini açıqlayıb və kinostudiyanı məhkəməyə verib. Bu barədə “The New York Times” yazır.
İddia ərizəsində Devid Ellisonun rəhbərlik etdiyi şirkət “Warner Bros.”dan rəhbərliyin niyə “Netflix”in şirkəti 82,7 milyard dollara almaq təklifini daha sərfəli hesab etdiyinə dair ətraflı məlumatların açıqlanmasını tələb edir.
“Bloomberg”in qeyd etdiyinə görə, “Paramount” dörd ay ərzində Hollivud studiyasını almağa cəhd edib və bir neçə təklif təqdim edib, lakin onların hamısı “Warner Bros.”un direktorlar şurası tərəfindən rədd edilib. Ellisonun şirkəti israr edir ki, onun təklifi daha sərfəlidir: “Netflix”in təklif etdiyi hər səhm üçün 27,75 dollara qarşı hər səhm üçün 30 dollar nağd ödəniş.
Səhmdarlara ünvanlanan məktubda Ellison bildirib ki, o, “Netflix”lə razılaşmanı ya “Warner Bros.”un növbəti illik səhmdarlar yığıncağında, ya da onun təsdiqi üçün çağırılacaq xüsusi iclasda müzakirə edəcək. “Biz tender təklifimizi sona qədər həyata keçirməyə qətiyyətliyik”, — deyə məktubda qeyd olunub.
“Warner Bros.” “Paramount”un iddiasını əsassız adlandırıb və onu investorların diqqətini yayındırmaq cəhdi kimi qiymətləndirib. Şirkətin bəyanatında deyilir ki, Ellisonun şirkəti “indiyədək nə qiyməti artırıb, nə də WBD-nin tam alınmasına dair təklifindəki çoxsaylı və aşkar çatışmazlıqları aradan qaldırıb”.
“Netflix” dekabrın əvvəlində “Warner Bros.” studiyasını almaq barədə razılığa gəldiyini açıqlamışdı. Mümkün sövdələşmə Hollivudda birmənalı qarşılanmayıb, ABŞ prezidenti Donald Tramp isə müzakirələrdə iştirak etmək niyyətində olduğunu bildirib. Yanvarın 11-də o, “Truth Social” şəbəkəsində “Netflix-in mədəni ələ keçirilməsini dayandırın” başlıqlı məqaləni paylaşıb. Məqalədə ABŞ-nin Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasının “Netflix” və WBD-nin birləşməsini “antimonopoliya tənzimlənməsinin prioritet məsələsi kimi — təkcə bazar nəticələrinə görə deyil, həm də bunun Amerikada söz azadlığı və mədəni plüralizm üçün nə demək olduğuna görə” nəzərdən keçirməli olduğu vurğulanır.







