2026-cı ildə qlobal iqtisadi artım 2025-ci ildəki 2,8%-dən sonra 2,7% təşkil edəcək. Bu, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) ekspertlərinin proqnozundan irəli gəlir.
Analitiklərin proqnozuna görə, dünya iqtisadiyyatının artımını onun daha da parçalanması, ölkələr arasında proteksionizmin güclənməsi və dünyada artan qeyri-müəyyənliyin nəticəsi olan zəif investisiya fəallığı məhdudlaşdıracaq.
2026-cı ildə dünya ticarətinin artım tempi də azalacaq — gözlənilən 3,8% əvəzinə 2,2%-ə düşəcək. Proqnozda qeyd olunur ki, ötən il mümkün ticarət məhdudiyyətləri ərəfəsində tədarüklərin sürətləndirilməsi ilə yaranan impuls artıq tükənib.
Bundan əlavə, tariflərin artması ölkələri logistika zəncirlərini yenidən qurmağa təşviq edəcək. Ekspertlər hesab edirlər ki, ABŞ tariflərindən zərər çəkmiş Avropa İttifaqı ixrac və idxalın diversifikasiyası yollarını fəal şəkildə axtaracaq.
UNCTAD ekspertləri bildiriblər ki, Avropa iqtisadiyyatının perspektivləri qeyri-müəyyən olaraq qalır və istehlakçı əhval-ruhiyyəsindən asılı olacaq. Aİ-də inflyasiya səviyyəsi Avropa Mərkəzi Bankının hədəf göstəricilərinə uyğundur, buna görə də bankın pul-kredit siyasətinin (PKS) yumşaq qalacağı ehtimal edilir ki, bu da daxili tələbi dəstəkləyəcək. Gözlənilir ki, Aİ iqtisadiyyatı 2025-ci ildəki 1,5%-lik artımdan sonra 2026-cı ildə 1,3% böyüyəcək.
UNCTAD-ın proqnozuna əsasən, ABŞ iqtisadiyyatı 2026-cı ildə 2% artacaq. Bu, pul-kredit siyasətinin yumşaldılmasının gecikmiş təsirləri və ölkənin tətbiq etdiyi tariflərə uyğunlaşma ilə əlaqələndirilir. Artım isə məşğulluq səviyyəsinin azalması ilə məhdudlaşdırılacaq.
2026-cı ildə Çin iqtisadiyyatının artımı da yavaşlayacaq. UNCTAD-ın proqnozlarına görə, ölkənin ÜDM-i 2025-ci ildəki 5%-lik artımdan sonra 4,6% yüksələcək. Əsas səbəblər daxili tələbin azalması və daşınmaz əmlak bazarındakı geriləmə olacaq.





