7 C
Baku
Tuesday, January 13, 2026

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin məbləği 224 milyard dollara düşüb

2025-ci ildə təbii fəlakətlər nəticəsində dünya iqtisadiyyatına dəyən ümumi zərərin məbləği 224 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi (368 milyard dollar) ilə müqayisədə təxminən 40 faiz azdır.

Bu barədə dünyanın ən böyük təkrar sığorta şirkəti olan “Munich Re”nin icmalında bildirilir.

Sığortalanmış zərərin həcmi bir il əvvəlki 147 milyard dollarla müqayisədə təxminən 108 milyard dollar olub.

Beləliklə, ümumi zərərin strukturunda sığortalanmış itkilərin payı uzunmüddətli dövr üzrə orta göstəricinin təxminən 30 faizi həcmində olduğu halda, demək olar ki, 48 faizə çatıb.

Ötən il zərərin həcminə görə ən iri təbii fəlakət Kaliforniyada baş vermiş meşə yanğınları olub. Bu yanğınlar 30 nəfərin həyatına son qoyub və ABŞ iqtisadiyyatına 53 milyard dollar məbləğində zərər vurub. Həmin məbləğin təxminən 40 milyard dolları sığortalanıb.

Mart ayında Myanmada baş vermiş zəlzələ nəticəsində təxminən 4,5 min nəfər həlak olub, iqtisadi zərər 12 milyard dollar təşkil edib, lakin bu məbləğin yalnız kiçik bir hissəsi sığortalanıb.

“Munich Re”nin məlumatına görə, ümumilikdə, ötən il təbii fəlakətlər nəticəsində təxminən 17,2 min nəfər həyatını itirib ki, bu da bir il əvvəlki 11 min nəfərlə müqayisədə çoxdur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər