ABŞ prezidenti Donald Trampın administrasiyası “Nvidia” şirkətinə H200 çiplərini Çinə tədarük etməyə icazə verib. Bu barədə “Reuters” yazıb.
Çiplər göndərilməzdən əvvəl onların süni intellekt sahəsində texniki imkanlarını təsdiqləmək məqsədilə müstəqil sınaq laboratoriyası tərəfindən yoxlanılmalıdır. “Reuters”in qeyd etdiyinə görə, Çin ABŞ müştərilərinə satılan çiplərin ümumi həcminin 50%-dən çoxunu əldə edə bilməz.
Məqalədə bildirilir ki, “Nvidia” ABŞ-də kifayət qədər “H200” çiplərinin mövcudluğunu təsdiqləməli, çinli müştərilər isə “kifayət qədər təhlükəsizlik tədbirləri”nin görüldüyünü və çiplərin hərbi məqsədlər üçün istifadə edilmədiyini nümayiş etdirməlidirlər.
Amerikanın “Nvidia” şirkəti Tramp administrasiyasının bu qərarını müsbət qiymətləndirib. Şirkətin açıqlamasında qeyd olunur ki, bu addım “Amerika üçün çox faydalı olan düşünülmüş balansı təmin edir” və “Nvidia”nın qlobal çip bazarında rəqabət qabiliyyətini artıracaq.
Trampın Çinə “H200” çiplərinin tədarükünə icazə verəcəyi barədə ilk məlumat dekabr ayında yayılmışdı. ABŞ prezidenti bildirmişdi ki, tədarüklər milli təhlükəsizlik tələblərinə əməl olunmaq şərti ilə etibarlı müştərilərə həyata keçiriləcək. Eyni zamanda, tədarüklərin 25%-i ABŞ-yə ödəniləcək ki, bu da “Amerikada iş yerlərini dəstəkləyəcək, ölkə daxilində istehsalı gücləndirəcək və ABŞ vergiödəyicilərinə fayda gətirəcək”. O əlavə edib ki, ABŞ hakimiyyəti AMD və “Intel” də daxil olmaqla digər iri çip istehsalçıları üçün də oxşar yanaşma üzərində işləyir.
2025-ci ilin sentyabrında “The Wall Street Journal” yazırdı ki, Çin hakimiyyəti şirkətləri sənayedə süni intellekt tətbiqləri üçün nəzərdə tutulmuş “Nvidia RTX Pro 6000D” çiplərindən imtina etməyə çağırıb. Qəzet qeyd edirdi ki, Çin ABŞ-nin Çin bazarında satışına icazə verdiyi daha zəif Sİ çipləri ilə kifayətlənmək istəmədiyini nümayiş etdirir.






