Azərbaycan bank sektorunda xalis mənfəətin əsas hissəsini formalaşdıran ən iri bank 2025-ci ildə 921.28 milyon manat xalis mənfəət əldə etməklə illiuk müqayisədə 15 faiz artıma nail olublar. Halbuki, 2024-cü ildə TOP5-lik cəmi 807.06 mln. manat xalis mənfəət əldə etmişdi. Bununla da, bu böyük beşliyin ümumi xalis mənfəətdəki payı son bir ildə 75 faizdən 79 faizə qalxıb.
Banker.az bankların maliyyə hesabatlarına istinadən xəbər verir ki, ABB 2025-ci ildə 335.69 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici 2024-cü ildəki 293.73 milyon manat ilə müqayisədə təxminən 42 milyon manat və ya 14% artım deməkdir. ABB sektor üzrə ən yüksək xalis mənfəət əldə edən bank olaraq liderliyini qoruyub.
Kapital Bank illik müqayisədə ən kəskin artımı nümayiş etdirib. Bankın xalis mənfəəti 186.50 milyon manatdan 315.01 milyon manata yüksələrək təqribən 69% artım göstərib və Kapital Bank TOP5-də mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
PAŞA Bank üzrə isə fərqli dinamika müşahidə olunub. Bankın xalis mənfəəti 2024-cü ildəki 210.54 milyon manatdan 2025-ci ildə 148.90 milyon manata enərək təxminən 29% azalıb. Buna baxmayaraq, PAŞA Bank hələ də TOP5-liyin əsas üzvlərindən biri olaraq qalır.
Xalq Bank 2025-ci ildə 61.08 milyon manat xalis mənfəət açıqlayıb ki, bu da öncəki ildəki 65.72 milyon manat göstərici ilə müqayisədə təqribən 7% azalma deməkdir.
Bank Respublika isə müsbət dinamika göstərən banklar sırasında yer alıb. Bankın xalis mənfəəti 50.57 milyon manatdan 60.59 milyon manata yüksələrək təxminən 20% artıb.






