“Bank Respublika” və “AccessBank”ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
Banker.az bankın məlumatına istinadən xəbər verir ki, bununla “Bank Respublika”nın aktivləri hazırkı səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə böyüyəcək. Sistem əhəmiyyətli bank statusuna malik “Bank Respublika” ilə “AccessBank”ın birləşdirilməsi nəticəsində daha geniş miqyasda fəaliyyət göstərən maliyyə institutu yaranacaq.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun sözlərinə görə, sözügedən əqd bankın inkişafında yeni və mühüm mərhələnin başlanğıcıdır. O bildirib ki, növbəti mərhələdə aparıcı beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın səhmdarlarına çevrilməsi uzunmüddətli münasibətləri yeni tərəfdaşlıq səviyyəsinə yüksəldəcək.
Əqd çərçivəsində “AccessBank”ın səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edəcəklər. Bununla da “AccessBank”ın mövcud səhmdarları “Bank Respublika”nın səhmdarlarına çevriləcəklər.
Planlaşdırılan əməliyyatın 2026-cı ilin noyabr ayınadək tamamlanması nəzərdə tutulur. Səhmlərin alınmasından sonra hər iki bank ilkin mərhələdə ayrıca fəaliyyət göstərəcək. Sonrakı mərhələdə bankların vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.







