Dünyanın 24 ölkəsindən sərvəti milyon və milyard dollarla ölçülən təxminən 400 nəfər dünya liderlərinə müraciət edərək supervarlılar üçün daha yüksək vergilərin tətbiqini tələb edib. Açıq məktub Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun iştirakçılarına ünvanlanıb.
Müraciəti imzalayanlar arasında aktyor və rejissor Mark Ruffalo, musiqiçi Brayan İno, eləcə də kinoprodüser Abiqeyl Disney də var. Onların fikrincə, ifrat sərvət siyasəti “çirkləndirir”, sosial təcridi gücləndirir və iqlim böhranını daha da dərinləşdirir.
“Müxtəlif ölkələrdəki bir ovuc qlobal oliqarx hədsiz sərvətləri hesabına demokratiyalarımızı satın alıb, hökumətlərimizi ələ keçirib, azad medianın səsini boğub, texnologiya və innovasiyalar üzərində sərt nəzarət qurub, yoxsulluğu və sosial təcridi dərinləşdirib və planetimizin məhvini sürətləndirib”, — məktubda deyilir.
Xeyriyyə təşkilatı “Oxfam” forum ərəfəsində yayımladığı hesabatda bildirib ki, 2025-ci ildə milyarderlərin ümumi sərvəti 16% artaraq rekord hədd — 18,3 trilyon dollara çatıb. Dünyanın ən varlı insanlarının sərvət artım tempi 2025-ci ildə 2024-cü illə müqayisədə üç dəfə yüksək olub.






