Çin Xalq Respublikasının hökuməti 2026–2030-cu illər üçün daxili investisiyaların və istehlakın stimullaşdırılmasına dair bir sıra tədbirləri açıqlayıb. Plan özəl investisiya kreditləri üçün xüsusi zəmanət proqramını və istehlak kreditləri üzrə faiz subsidiyalarını nəzərdə tutur. Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin məlumatına görə, bu proqramın maliyyələşdirilməsi üçün 500 milyard yuan (71,4 milyard dollar) ayrılacaq.
Xüsusi zəmanət planı iki il müddətində qüvvədə olacaq. Gözlənilir ki, bu mexanizm istehsal şirkətlərinə fəaliyyətlərini dəstəkləmək məqsədilə kreditlər əldə etməyə imkan verəcək. Bu fəaliyyətlərə avadanlıq və xammalın alınması, modernləşmə, rəqəmsallaşma, yenidənqurma və istehsal binalarının genişləndirilməsi daxildir. Eyni zamanda, xidmət sektorunda fəaliyyət göstərən şirkətlər, o cümlədən ictimai iaşə, otelçilik, səhiyyə, yaşlılara və uşaqlara qulluq, mədəniyyət və əyləncə, turizm, idman və ticarət sahələrində çalışanlar da kreditlərdən yararlana biləcəklər.
Hökumətin planına əsasən, dövlət kredit riskinin maksimum 80%-ni, banklar isə ən azı 20%-ni üzərinə götürəcək. Rəsmilərin qiymətləndirməsinə görə, bu tədbirlər qarşıdakı beş il ərzində daxili istehlakı gücləndirəcək və onun ölkə iqtisadiyyatındakı payını artıracaq.
Bu qərarları şərh edən Milli İnkişaf və İslahatlar Komissiyası sədrinin müavini Van Çanlin bildirib ki, “mövcud iqtisadi şəraitdə güclü təkliflə zəif tələbin eyni vaxtda mövcud olması həqiqətən də çox ciddi problemdir”. Onun sözlərinə görə, bu problemin həlli istehlakçıların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş əlavə tədbirləri də əhatə edir ki, bu da “əhalinin xərcləməyə hazır olma səviyyəsinin artmasına” töhfə verəcək.






