6 C
Baku
Friday, January 23, 2026

“Azəralüminium”un alüminiumunu alan əsas ölkələr açıqlandı – $130 mln.-luq ixrac!

2025-ci ildə Azərbaycanın alüminium ixracı kəskin artım nümayiş etdirib.

Banker.az xəbər verir ki, ötən ilin ilk 11 ayında emal olunmamış alüminium ərintiləri üzrə ümumi ixrac həcmi 48.29 min ton təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77.82% artım deməkdir. İxracın dəyəri isə 127.83 milyon dollar olub ki, bu da illik müqayisədə 93.48% çoxdur. Bu sahədə əsas ixracatçı “Azəralüminium” MMC-nin valyuta gəlirləri 2025-ci ilin ilk 11 ayında 130.1 mln. dollara qalxıb. Bu öncəki ilin eyni dövründə 126.7 mln. dollar idi.

Emal olunmamış saf alüminiumun ixracı 25.2 min ton və 66.91 milyon dollar səviyyəsində qeydə alınıb. İxrac demək olar ki, Türkiyəyə – 24.15 min ton həcmində, 63.93 milyon dollar dəyərində alüminium göndərilib. İsveçrə bazarına isə 1.05 min ton məhsul ixrac edilib və dəyər ifadəsində 2.98 milyon dollar təşkil edib.

Emal olunmamış alüminium ərintilərinin ixracı 23.09 min ton, dəyər ifadəsində isə 60.93 milyon dollar olub. Bu məhsul üzrə əsas istiqamətlər Türkiyə, Yaponiya və Özbəkistan olub. Türkiyəyə 13.13 min ton həcmində, 35.79 milyon dollar dəyərində ixrac həyata keçirilib. Yaponiya bazarına 6.04 min ton məhsul göndərilib və ixracın dəyəri 13.55 milyon dollar olub. Özbəkistana ixrac 3.28 min ton və 9.62 milyon dollar səviyyəsində qeydə alınıb. Daha kiçik həcmdə ixrac İran, Ukrayna, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rumıniya istiqamətlərində olub.

Orta ixrac qiymətinə gəlincə, 2025-ci ilin ilk 11 ayında alüminiumun orta ixrac qiyməti 1 ton üçün 2 650 dollar olub. 2024-cü ilin eyni dövründə bu göstərici 2 430 dollar idi. Beləliklə, orta ixrac qiyməti illik müqayisədə 8.81% artıb.

Son xəbərlər
Digər xəbərlər