Qızıl qiymətləri bazar ertəsi günü unsiya üçün 5 000 dollar həddini aşaraq tarixi maksimuma yüksəlib və artan geosiyasi qeyri-müəyyənliklər fonunda təhlükəsiz liman aktivlərinə güclü tələbatla rekord rallini davam etdirib.
Banker.az (İnvestisiya) bildirir ki, spot qızılın 1 unsiyası 1.98% artaraq 5 081 dollar olub, ABŞ qızıl fyuçersləri isə 5 079 dollar səviyyəsinə yüksəlib.
Qızıl 2025-ci il ərzində 64% bahalaşıb. Bu artıma ABŞ-da pul-kredit siyasətinin yumşaldılması, mərkəzi bankların — xüsusilə Çinin ardıcıl 14 ay qızıl alışı — və ETF-lərə rekord həcmdə kapital axını dəstək verib. Cari ildə qiymətlər artıq 17%-dən çox artıb.
Analitiklər son yüksəlişin əsas səbəblərindən biri kimi ABŞ administrasiyasına və ABŞ aktivlərinə inamın zəifləməsini göstərirlər. Prezident Donald Trampın son günlər Avropa, Kanada və Fransa ilə bağlı tarif təhdidləri qlobal bazarlarda qeyri-sabitliyi artırıb. Bu fonda investorlar qızılı yeganə etibarlı alternativ kimi görürlər.
Eyni zamanda, yenin möhkəmlənməsi dolları zəiflədib və bu da qızılı digər valyutalara sahib investorlar üçün daha cəlbedici edib. Analitiklər qiymətlərin ilin sonuna doğru 5 500 dollar səviyyəsinə çata biləcəyini bildirir, mümkün geriçəkilmələrin isə qısamüddətli olacağını vurğulayırlar. Bu yüksəliş dalğası fonunda gümüş, platin və palladium qiymətləri də tarixi maksimumlara yaxınlaşıb.






