Elektron siqaretlərin idxalı və satışının qadağan edilməsini nəzərdə tutan qanunvericilik paketi qüvvəyə mindikdən sonra əsas məqsəd əhalinin sağlamlığının qorunması ilə sahibkarların hüquqları arasında balansın təmin edilməsidir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya müsahibəsində bildirib.
Azər Əmiraslanov qeyd edib ki, layihənin ilkin redaksiyasında qanunun qüvvəyə minmə müddəti 1 fevral nəzərdə tutulub. Sahibkarların iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə müraciətlərini nəzərə alaraq bu müddətin aprelin 1-nə kimi uzadılmasını təklif etdik. Qanun layihəsinin hər 3 oxunuşunda dövlət orqanlarına çağırış etdik ki, elektron siqaret bazarının iştirakçısı olan sahibkarlar üçün sərt qadağa rejiminə keçildiyi bir vaxtda hər cür dəstək verilsin. Həmin sahibkarlar qadağa ilə bağlı təşəbbüsləri anlayışla qarşılayır.
“Dövlət qurumları da öz növbəsində müvafiq sahibkarların maliyyə problemləri və çətinlikləri ilə qarşılaşmaması üçün hər cür dəstəyi göstərməlidirlər. Biz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq bu sahədə indiyə kimi fəaliyyət göstərmiş iş adamlarının müraciətlərinə diqqətlə baxacağımızı bildiririk. Sahibkarlara köməklik göstərilməlidir ki, sonra onlar bu və ya digər səbəblərdən qara bazar iştirakçılarına çevrilməsinlər”, – komitə sədri vurğulayıb.







