Yeni Zelandiya hökuməti ABŞ prezidenti Donald Trampın Qəzza sektorunun bərpası və idarə olunması üzrə yaradılan Sülh Şurasına qoşulmaq təklifini rədd edib. Bu barədə Baş nazir Kristofer Laksonun bəyanatına istinadən “Stuff” xəbər portalı məlumat yayıb.
“Yeni Zelandiya hökuməti prezident Trampın dəvətini nəzərdən keçirib və Şuranın hazırkı formatında onun tərkibinə daxil olmamaq qərarına gəlib”, — deyə Lakson bildirib.
Ölkənin xarici işlər naziri Uinston Piters vurğulayıb ki, Yeni Zelandiya quruma dəstək verəcək, lakin Sülh Şurasına qoşulmayacaq.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülh nizamlanması məqsədilə yaradılmış Sülh Şurasının nizamnaməsini imzalayıblar. Tramp bildirib ki, təşkilata digər dövlətlər də qoşulub. Sülh Şurası Qəzza sektorunun idarə olunması üçün yaradılıb, lakin onun gələcəkdə digər regionlarda münaqişələrin qarşısının alınması və tənzimlənməsi ilə də məşğul olacağı gözlənilir.







