Ukraynanın dövlət borcu ötən il ərzində təxminən 30% artaraq 98,4%-ə çatıb. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat verib.
Nazirliyin saytında yayımlanan açıqlamada bildirilir: “31 dekabr 2025-ci il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcunun ümumi məbləği 9 042,7 milyard qrivna (213,3 milyard dollar) təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 29,5% (dollar ekvivalentində 28,4%) çoxdur”. Qurum əlavə edib ki, ilkin hesablamalara əsasən, dövlət borcu 2025-ci il üçün proqnozlaşdırılan ÜDM-in 98,4%-ni təşkil edir.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il dövlət borcu dollar ifadəsində əsasən Kiyevin beynəlxalq tərəfdaşlarından uzunmüddətli maliyyələşmənin artması hesabına 47,3 milyard dollar yüksəlib. 2025-ci ilin sonuna Ukraynanın dövlət və dövlət zəmanətli borcunun təxminən 75%-i xarici borcun payına düşüb. Xarici borcun yarıdan çoxunu isə Avropa İttifaqı qarşısındakı öhdəliklər təşkil edir (ümumi dövlət borcunun təxminən 40%-i).
Daha əvvəl Ukraynanın Hesablama Palatası auditin nəticələrinə əsasən bildirmişdi ki, 2025-ci ilin birinci rübündə ölkə büdcəyə daxil olan hər altı qrivnadan birini dövlət borcunun ödənilməsi və xidmətinə xərcləyib. Ukraynanın sabiq Иaş naziri (2010–2014) Nikolay Azarov qeyd edib ki, Qərbin kreditləşməsi olmadan Ukrayna dövlət kimi mövcudluğunu davam etdirə bilməz. Ali Radanın deputatı Nina Yujaninanın sözlərinə görə isə, Ukraynanın dövlət borcu 2025-ci ilin sentyabrına qədər 2022-ci ilin əvvəli ilə müqayisədə üç dəfə artıb.






