“SpaceX”in süni intellekt startapı “xAI” ilə birləşməsi nəticəsində şirkətlərin ümumi qiymətləndirməsinin 1,25 trilyon dollara çatacağı bildirilir. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən “Bloomberg” və “The Wall Street Journal” yazır.
“Bloomberg”in həmsöhbətlərinin bildirdiyinə görə, birləşmiş şirkətin səhmlərinin qiyməti bir ədəd üçün 526,59 dollar olacaq. Onlar əlavə ediblər ki, razılaşma tam şəkildə səhmlərlə ödəniləcək. WSJ-nin məlumatına əsasən, “xAI” səhmləri 0,1433 nisbətində “SpaceX” səhmlərinə çevriləcək. Qəzet əlavə edir ki, əməkdaşlara investisiyalardan çıxmaq və “xAI” səhmlərini yenidən şirkətə satmaq imkanı veriləcək. “SpaceX” və “xAI” nümayəndələri agentliyin şərh sorğularına cavab verməyiblər.
Daha əvvəl İlon Mask rəsmi olaraq “SpaceX” və “xAI”nin birləşdiyini elan etmişdi. O bildirib ki, bu razılaşma “Yer üzündə və onun hüdudlarından kənarda ən iddialı şaquli inteqrasiya olunmuş innovasiya mexanizmini” yaratmağa yönəlib. Mask süni intellekt üçün məlumat emalı mərkəzini kosmosda yerləşdirmək istəyir. Onun fikrincə, bu, yaxın iki–üç il ərzində Sİ üçün hesablama güclərinin yerləşdirilməsinin ən ucuz üsuluna çevrilə bilər.
Maskın hər iki şirkətinin qiymətləndirilməsi əvvəlki dövrlərlə müqayisədə artıb. “SpaceX” dekabr ayında 800 milyard dollar dəyərində qiymətləndirmə ilə səhm satışı keçirməyi planlaşdırdığını bildirmişdi. “xAI” isə yanvar ayındakı maliyyələşdirmə raundunda 230 milyard dollar dəyərində qiymətləndirilmişdi.
“SpaceX” 2026-cı ilin iyununda IPO keçirməyi planlaşdırır. “Financial Times” yazır ki, Mask şirkətin birjaya çıxışını öz ad günü və astronomik hadisə — Yupiterlə Veneranın yaxınlaşması ilə eyni vaxta salmaq istəyir. IPO zamanı “SpaceX” təxminən 1,5 trilyon dollar qiymətləndirmə ilə 50 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Bu halda yerləşdirmə tarixdə ən böyüyü olacaq: hazırda rekord 2019-cu ildə 29 milyard dollarlıq IPO keçirən “Saudi Aramco”ya məxsusdur.






