Avropa depozitarı “Euroclear” 2025-ci ilin yekunlarına əsasən bloklanmış Rusiya aktivlərinin investisiyasından 5 milyard avro faiz gəliri əldə edib. Bu göstərici əvvəlki illə müqayisədə 26% azdır və depozitar bunu faiz dərəcələrinin enməsi ilə əlaqələndirib. 2026-cı ilin əvvəlində bu gəlirlərin 1,4 milyard avrosunun Ukraynaya dəstək fonduna köçürülməsi planlaşdırılır.
“Euroclear” bildirib ki, ümumilikdə 2025-ci il üzrə dondurulmuş Rusiya aktivlərindən əldə olunan 3,3 milyard avro Avropa Ukrayna fonduna yönəldiləcək. 1,6 milyard avro həcmində ilk tranş 2025-ci ilin iyulunda köçürülüb. Təxminən 1,4 milyard avro məbləğində ikinci ödəniş isə 2026-cı ilin əvvəlində gözlənilir. 2025-ci il üzrə Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ödənilən vergilər 1,1 milyard avro təşkil edib.
Depozitar sanksiyalar və Rusiyanın cavab tədbirləri ilə bağlı biznes gəlirlərində itkiləri 34 milyon avro, birbaşa xərcləri isə 113 milyon avro səviyyəsində qiymətləndirib. Bundan əlavə, “əhəmiyyətli risklər və qeyri-müəyyənliklər” səbəbilə 342 milyon avro həcmində ehtiyat yaradılıb. Nəticədə, Euroclear-in hesabatlarında əks olunan ümumi birbaşa xərclər 455 milyon avroya çatıb. 2025-ci ilin dekabr ayının sonuna depozitarın balansı 222 milyard avro olub ki, bunun 195 milyard avrosu sanksiyalar altında olan Rusiya aktivlərinin payına düşür.






