1 C
Baku
Tuesday, February 10, 2026

“SoftBank” səhmləri “Arm” şirkətinin AI sahəsində güclənməsi fonunda kəskin bahalaşıb

Yaponiyanın “SoftBank Group” şirkətinin səhmləri fevralın 10-da “Tokyo Stock Exchange” ticarətləri zamanı 10,7% artıb. Ticarət gedişində artım bir ara 12%-ə çatıb. CNBC yazır ki, kotirovkaların sıçrayışı qrupun telekommunikasiya bölməsinin cari maliyyə ili üzrə mənfəət proqnozunu artırmasından, həmçinin qrupa məxsus çip istehsalçısı “Arm Holdings” ətrafında yaranan optimizmdən qaynaqlanıb.

“SoftBank” maliyyə ilinin doqquz ayının nəticələrini açıqlayıb. Qrupun gəliri 8% artaraq rekord həddə — 5,2 trilyon iyenə (33,5 milyard dollar) çatıb. Əməliyyat mənfəəti də 8% artaraq 884 milyard iyen (5,7 milyard dollar) olub. İstehlak seqmentində gəlir 3%, mənfəət isə 6% artıb, lakin “SoftBank”ın mobil abunəçilərinin sayı 100 min nəfər azalıb.

Şirkətin telekommunikasiya bölməsi cari il üçün gəlir proqnozunu 6,95 trilyon iyenə (44,75 milyard dollar) yüksəldib — əvvəl 6,7 trilyon iyen (43,1 milyard dollar) gözlənilirdi. Həmçinin əməliyyat mənfəəti üzrə hədəf göstərici 1,02 trilyon iyenə (6,57 milyard dollar) çatdırılıb.

Bu arada, “SoftBank”ın iri paya sahib olduğu “Arm Holdings” məlumat verib ki, məlumat mərkəzləri seqmentində royalti gəlirləri illik müqayisədə 100%-dən çox artıb. Şirkətin baş direktoru Rene Haas bildirib ki, yaxın bir neçə ildə bu istiqamət “Arm” üçün ən böyük biznes sahəsinə çevriləcək. 2025-ci maliyyə ilinin ilk üç ayında “Arm”ın gəliri rekord həddə — 1,242 milyard dollar olub. CNBC qeyd edir ki, “Arm”ın artım potensialı getdikcə smartfon bazarından kənarda süni intellekt texnologiyalarının inkişafı ilə daha sıx bağlı olur.

“SoftBank” süni intellekt sahəsində aparıcı investor kimi çıxış edir. 2025-ci ildə qrup “OpenAI” şirkətinə 41 milyard dollar sərmayə yatırıb və əlavə 30 milyard dollarlıq investisiya ilə bağlı danışıqlar aparır. Bundan başqa, “SoftBank” ABŞ çip istehsalçısı “Ampere Computing” şirkətini 6,5 milyard dollara alıb, həmçinin ABB şirkətinin robototexnika bölməsini 5,4 milyard dollara satın almaq barədə razılığa gəlib. Bu sövdələşmələri maliyyələşdirmək üçün “SoftBank” “T-Mobile US”dəki payını azaldıb, “Nvidia”dakı payını tam satıb və “Arm” səhmləri girov qoyulmaqla marja kreditinin həcmini artırıb.

Son xəbərlər
Digər xəbərlər