Soyuq küləklər həftələrdir Amerikanın şərq sahillərini döyür, bəzi yerlərdə temperaturu onilliklərin ən aşağı səviyyəsinə endirib. Lakin bu, investorların kripto aktivləri saldıqları “dərin donma” ilə müqayisədə heçnədir. Bitkoinin dəyəri oktyabrın əvvəlində 124 000 dollardan bu gün təxminən 70 000 dollara düşüb və bütün kriptovalyutaların bazar dəyəri 2 trln. dollardan çox azalıb. Əsasən foreks, səhm və əmtəə qiymətləri ilə bağlı fundamental xəblər paylaşan Banker.az-ın “İnvestisiya” kanalının son yenilənmiş məlumatlarına görə, BTC Bakı vaxtı ilə 15:00 radələrində hətta 67 min dollardan da aşağı düşüb. Aktiv sinfi əvvəllər də eniş yaşasa da, indi onu dəstəkləyənlər hər zamankından daha ümidsiz görünürlər.
Onların bu qədər məyus olması müəyyən mənada təəccüblüdür. Bitkoinin 45% ucuzlaşması tarixdə ən dərin eniş deyil: 2021-ci ilin sonundakı zirvədən sonra qiymət 77% çökmüşdü. Kripto sənayesinin bazar dəyərinin yenidən rekord həddə çatması təxminən üç il çəkmişdi. Hazırkı “ayı bazarı” isə cəmi dörd aydır davam edir.
Ancaq digər aktiv siniflərinin nə qədər yaxşı vəziyyətdə olduğuna baxın. 2022-ci ildə kripto investorları təsəlli tapa bilirdilər, çünki bir çox başqaları da itkilər yaşayırdı. Həmin il pik nöqtədən ən aşağı həddə qədər texnologiya yönümlü NASDAQ 100 indeksi üçdə birdən çox düşmüşdü. İndi isə (bəzi proqram təminatı şirkətləri zərbə alsa da) bir neçə həftə əvvəl qeydə alınmış rekord səviyyədən cəmi 4%-dən də az aşağıdadır. Kripto həvəskarları ona görə kədərlidirlər ki, onlar tək qalıblar.
“The Ecnomist” jurnalı yazır ki, belə dəyişkən və spekulyativ bazarı hərəkətə gətirən qüvvələr həmişə müəyyən qədər müəmmalıdır. Lakin aydındır ki, leveric (yəni kredit xətti ilə mövqe açanlar) və məcburi likvidasiyalar mühüm rol oynayır. Eniş başlamazdan az əvvəl, sentyabrın sonunda kripto aktivləri girov qoyularaq götürülən ölçülə bilən borclar təxminən 74 mlrd. dollara çatmışdı və əvvəlki 12 ayda iki dəfədən çox artaraq 2021-ci ilin sonundakı səviyyəni keçmişdi.
Daha sonra, oktyabrın 10-dan etibarən kriptoda leverecli mövqelərin təxminən 19 mlrd. dolları zərərə düşdüyü üçün sürətlə likvidasiya olundu. O vaxtdan bəri daha kiçik mövqelərin ardıcıl şəkildə bağlanması davam edir. Bitkoin almaq üçün borc götürən və səhm buraxan Maykl Seylorun “Strategy Inc” şirkəti ilə bağlı narahatlıqlar da artıb. Onun səhm qiyməti iyuldan bəri təxminən 70% düşüb.
Kripto məhsullarının geniş çeşidi enişi daha da dərinləşdirə bilər. 2024-cü ildə kripto ETF-lərin istifadəyə verilməsi potensial alıcı bazasını genişləndirərək qiymətləri dəstəkləməli idi. Bir müddət bu işlədı. “BlackRock” şirkəti tərəfindən buraxılan Bitcoin ETF-i “iShares Bitcoin Trust” (IBIT) tarixdə ən sürətlə böyüyən ETF-ə çevrildi və oktyabra qədər aktivləri təxminən 100 mlrd. dollara çatdı. Lakin indi ETF-lər qiymətləri aşağı çəkir. Son 80 ticarət günü ərzində IBIT-dən 3.5 mlrd. dollar vəsait çıxıb — bu, fondun ilk uzunmüddətli satış dalğasıdır. Fonda yatırılmış kapitalın böyük hissəsi hazırda zərərdədir.
Kriptovalyutalara təzyiq göstərən son amil ölçülməsi ən çətin olanıdır: ümumi ab-hava pozulub. Fundamental dəyəri və ya gəlir gətirmə potensialı olmayan spekulyativ aktiv sinfi üçün qeyri-maddi aura hər şey deməkdir. Vaxtilə rəqəmsal aktivləri əhatə edən həyəcan havası isə sanki yoxa çıxıb.
Bəzi şirkətlər üçün kriptonun yeni, daha mühafizəkar reputasiyasının üstünlükləri var. İnstitusionallaşma rəqəmsal ödənişləri asanlaşdıran stabilkoin emitentlərinə kömək edib. Lakin bitkoin kimi aktivlər “sərin” cazibəsini itirərkən əvəzində az şey qazanıb; onlar “sistem”in bir hissəsi kimi görünə bilər, amma faktiki olaraq sistem tərəfindən qəbul edilməyiblər. Peşəkar və ehtiyatlı investorlar hələ də kriptodan uzaq dururlar. Sentyabrda “Bank of America” tərəfindən keçirilən sorğu göstərib ki, fond menecerlərinin böyük əksəriyyətinin portfelində kripto ümumiyyətlə yoxdur. Rəqəmsal aktivlər respondentlərin ümumi portfel dəyərinin cəmi 0.4%-ni təşkil edib.
Bu arada mərkəzi banklar inflyasiyadan, geosiyasi risklərdən və sanksiya təhlükəsindən qorunmaq üçün qızıl alırlar. Bir vaxtlar “fiat” pula alternativ vəd edən rəqəmsal aktivlər isə kənarda qalıb. Çexiya Milli Bankı ötən il kriptovalyuta alışı elan edən ilk qurum oldu və cəmi 1 mln. dollar dəyərində bitkoin aldı. Lakin əlavə alış planları açıqlanmayıb.
Rəqəmsal aktivlər bir çox maliyyə köşə yazarlarının — onları tez-tez “dəfn etməyə” meyilli olanların — düşündüyündən daha dayanıqlı olub. Bir “ayı bazarı”ndan digərinə keçsələr də, hər dəfə tam çökmə proqnozlarını təkzib ediblər. Ancaq bu kripto qışı haqlı səbəbdən xüsusilə sərt hiss olunur. Son olaraq “The Economist” bunla bağlı deyib ki, ab-hava yaxşılaşmasa, isinmə gözləməyin.






