Avropa Parlamentinin deputatları Avropa İttifaqı tərəfindən Ukraynaya 90 milyard avro həcmində maliyyə yardımının ayrılması barədə qərarı dəstəkləyiblər. Səsvermə Strasburqda keçirilən plenar iclas çərçivəsində baş tutub və parlamentin saytında canlı yayımlanıb.
Təşəbbüsün lehinə 458 deputat səs verib, 140 nəfər əleyhinə çıxıb, 44 deputat isə bitərəf qalıb. Qeyd olunur ki, Kiyevə maliyyə dəstəyi Avropa İttifaqının maliyyə bazarlarında borclanması hesabına təmin ediləcək, faiz ödənişləri isə Aİ büdcəsindən qarşılanacaq.
Daha əvvəl Aİ-nin 27 ölkəsindən 24-nün səfirləri (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) 2026–2027-ci illər üçün Ukraynanın 90 milyard avro məbləğində maliyyələşdirilməsi mexanizmini təsdiqləmişdilər. Bu mexanizm dekabrda keçirilmiş Aİ sammitində, Rusiyanın aktivlərinin müsadirəsi təşəbbüsü baş tutmadıqdan sonra razılaşdırılıb.
Aİ Şurasının rəsmi məlumatına görə, vəsaitin 30 milyard avrosu Ukraynanın dövlət büdcəsinin maliyyələşdirilməsinə, 60 milyard avrosu isə silah tədarükünə yönəldiləcək. Bu məbləği Aİ ölkələri maliyyə bazarlarından borc alacaqlar, faiz ödənişlərini isə büdcə hesabına həyata keçirəcək.





