“Claude” çat-botunun yaradıcısı “Anthropic” şirkəti $380 milyard dəyərləndirmə ilə $30 milyard cəlb edib. Maliyyələşmə raunduna Sinqapurun suveren fondu GIC və ABŞ-nin aktivlərin idarə olunması şirkəti “Coatue Management” rəhbərlik edib.
İnvestorlar arasında həmçinin “PayPal”ın təsisçisi Piter Tilin “Founders Fund” fondu, ICONIQ, “D.E. Shaw & Co.”, “Dragoneer Investment Group”, BƏƏ-nin dövlət investisiya şirkəti MGX, eləcə də “Sequoia Capital”, “Lightspeed Venture Partners”, “Nvidia” və “Microsoft” yer alıb. Son iki texnologiya nəhəngi daha əvvəl “Anthropic”ə ümumilikdə 15 milyard dollara qədər investisiya qoymağı planlaşdırdıqlarını bildirmişdilər. “Bloomberg” yazır ki, bu vəsaitin bir hissəsi məhz bu raund çərçivəsində ayrılıb.
“Bloomberg”in qeyd etdiyinə görə, hazırkı maliyyələşmə raundu “Anthropic”in dəyərini təxminən iki dəfə artıraraq onu dünyanın ən bahalı şirkətlərindən birinə çevirib. 2025-ci ilin sentyabrında startap 183 milyard dollar dəyərləndirmə ilə 13 milyard dollar cəlb etmişdi.
Şirkətin maliyyə direktoru Krişna Raonun sözlərinə görə, cəlb edilən vəsait məhsulların və korporativ səviyyəli modellərin inkişafına yönəldiləcək. CNBC-yə müsahibəsində baş icraçı direktor Dario Amodei bildirib ki, “Anthropic” biznesinin təxminən 80%-i korporativ müştərilərin payına düşür. O, bunu proqram təminatının hazırlanması prosesinin bir hissəsini avtomatlaşdıran “Claude Code” alətinin populyarlığı ilə əlaqələndirib.
Fevral ayında “Anthropic” ən yeni süni intellekt modeli — “Claude Opus 4.6″nı təqdim edib. Şirkətin açıqlamasına görə, model əvvəlki versiyada mövcud olan proqramlaşdırma bacarıqlarını təkmilləşdirib, planlaşdırma, kodun yoxlanılması və sazlanması, həmçinin böyük kod bazalarında sabit işləmə qabiliyyətini yaxşılaşdırıb. Model böyük sənəd massivlərindən məlumat çıxarmaqda, tədqiqat aparmaqda və maliyyə analizində də daha effektivdir.
Bundan əlavə, “Anthropic” “Claude” üçün məlumatların analizi, hüquq, elmi tədqiqat və digər sahələrdə tapşırıqları yerinə yetirə bilən plaginlər təqdim edib. Onların uğuru ABŞ-də bir sıra sektorların səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Əvvəlcə proqram təminatı istehsalçılarının, daha sonra sığorta brokerlərinin səhmləri düşüb, ardınca isə süni intellekt qorxusu fonunda satış dalğası maliyyə şirkətlərinə yayılıb. Analitiklər hesab edirlər ki, hazırda investorların AI inkişafının biznes üçün yaratdığı risklərlə bağlı narahatlıqları müəyyən qədər şişirdilmiş görünür.





