Bloomberg mənbələrinin məlumatına görə, İlon Maskın şirkətləri — “SpaceX” və potensial IPO-su ilə tarixdə ən böyüklərdən biri ola biləcək” xAI” — Pentaqonun səsli idarəetməyə malik avtonom dron “sürü”ləri texnologiyasının hazırlanması üzrə qapalı müsabiqəsində iştirak edirlər. Söhbət 100 milyon dollarlıq mükafat fondu olan altı aylıq yarışdan gedir. Məqsəd səsli əmrləri rəqəmsal təlimatlara çevirə və havada və dənizdə çoxsaylı pilotsuz aparatların hərəkətlərini koordinasiya edə bilən proqram təminatı yaratmaqdır. Layihəyə Müdafiə İnnovasiyaları Bölməsi (Defense Innovation Unit) və ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı nəzdində yaradılmış yeni struktur — “Defense Autonomous Warfare Group” nəzarət edir.
Mask əvvəllər tam avtonom hücum sistemlərinə qarşı çıxış edib. “SpaceX” uzun müddətdir Pentaqonla əməkdaşlıq edərək hərbi peyklərin buraxılışını və kommunikasiya infrastrukturunu təmin edir, lakin zərbə sistemləri üçün proqram təminatı ilə məşğul olmayıb. “xAI” isə daha əvvəl “Grok” çat-botunun dövlət sistemlərinə inteqrasiyası üçün 200 milyon dollar dəyərində Pentaqon müqavilələri əldə edib və məxfi məlumatlara çıxışı olan mütəxəssisləri fəal şəkildə işə cəlb edir.
Niyə bu vacibdir?
2023-cü ildə Mask tərəfindən yaradılan “xAI” onun süni intellekt startapını, “X” sosial şəbəkəsini və “Grok” çat-botunu birləşdirir. Bir neçə həftə əvvəl şirkət “SpaceX” ilə birləşmə barədə razılığa gəlib. IPO-dan sonra birləşmiş şirkətin kapitallaşmasının 1,25 trilyon dolları keçəcəyi hədəflənir (təxminən 1 trilyon dollar — “SpaceX”, 250 milyard dollar — “xAI”). Mənbələrin sözlərinə görə, “SpaceX” və “xAI” müdafiə layihəsi üzərində birgə işləyə və proqram təminatının hazırlanmasından real platformalarda sınaqlara qədər bütün mərhələləri əhatə edə bilərlər.
Birləşməni elan edərkən Mask bunu “Yer üzündə və onun hüdudlarından kənarda ən iddialı şaquli inteqrə olunmuş innovasiya strukturunu — süni intellekt, raketlər, peyk interneti, smartfonlarla birbaşa əlaqə və real vaxt rejimində informasiya və söz azadlığı üçün aparıcı platformanı — yaratmaq” üçün zəruri addım adlandırıb.
Bununla belə, “xAI” çoxmilyardlı borc yükü daşıyır və “OpenAI”–”Microsoft” alyansı da daxil olmaqla iri investisiya resurslarına çıxışı olan rəqiblərlə ciddi rəqabətlə üzləşir. Şirkət həmçinin çat-botunun yaratdığı məzmunla bağlı qalmaqallardan sonra tənzimləyici təzyiq altındadır və onun gəlirləri “SpaceX” ilə müqayisədə xeyli aşağıdır.







