2025-ci ildə Azərbaycanda ümumi sahəsi 1.5 min hektar olan 2 995 istixana fəaliyyət göstərib. Halbuki 2024-cü ildə ölkədə 1.6 min hektar sahəni əhatə edən 3 037 istixana mövcud idi. Beləliklə, son bir ildə istixanaların sayı 42 ədəd, ümumi sahə isə 100 hektar azalıb.
Banker.az xəbər verir ki, 2023-cü ilin sonunda isə hətta 3 228 istixana vardı.
2025-ci ildə istixanalarda 156.8 min ton pomidor istehsal olunub ki, bu da əvvəlki ilin 224.9 min tonluq göstəricisi ilə müqayisədə 68.1 min ton azalma deməkdir. 2023-cü ildə 268.9 min ton istixana pomidoru yetişdirilmişdi.
Xiyar istehsalı da 11.6 min tondan 7.5 min tona enərək 4.1 min ton azalıb. Limon istehsalı 55 tondan 52 tona düşüb. Baş soğan istehsalı demək olar ki, sabit qalıb — 22.3 tondan 22.2 tona enib.
Bununla yanaşı, bəzi məhsullarda artım qeydə alınıb. Göbələk istehsalı 1.6 min tondan 1.8 min tona yüksəlib, çiyələk istehsalı 237.6 tondan 241.1 tona çatıb. Badımcan istehsalı 15.3 tondan 17.5 tona, bibər istehsalı isə 14.1 tondan 27.4 tona qədər artıb. 2024-cü ildə istehsal olunan 151.3 ton kartof və 35.5 ton kələm isə 2025-ci ilin göstəricilərində yer almayıb.
Rayonlar üzrə məhsul istehsalında 2025-ci ildə əsas payı Xəzər, Şəmkir, Abşeron, Salyan, Sabunçu, Binəqədi, Kürdəmir, Samux, Xızı, Tovuz və Hacıqabul rayonları verib.
2025-ci ildə Azərbaycanın təzə pomidor (bura təbii qaydada yetişdirilən pomidor da daxildir) ixracı 172.86 min tona çataraq illik 18.72% artıb. İxracın dəyəri 192.47 mln. dollar olub (illik 9.72% artım). Orta qiymət bir ton üçün 1 113.46 dollar təşkil edib ki, bu da 7.56% azalma deməkdir. Əsas bazar Rusiya olaraq qalır – 166.11 min ton (17.13% artım).






