Yaponiyanın ödəniş sistemi operatoru “PayPay” ABŞ-də ilkin kütləvi təklif (IPO) çərçivəsində Amerika depozitar qəbzlərinin yerləşdirilməsi yolu ilə 1,1 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Bu barədə “Bloomberg” ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim olunmuş sənədlərə istinadən yazır. Agentliyin qeydinə görə, bu yerləşdirmə yapon şirkətləri üçün ABŞ bazarında ən iri IPO-lardan biri ola bilər.
“PayPay” və onun səhmdarı olan “SoftBank Vision Fund II” təxminən 55 milyon depozitar qəbz satmağı planlaşdırır. Hər bir qəbz “PayPay”in bir adi səhminə bərabərdir. Yerləşdirmə qiymət diapazonu 17–20 dollar arasında müəyyən edilib. Bildirilir ki, “Abu Dhabi Investment Authority”, “Qatar Investment Authority” və “Visa” artıq 220 milyon dollara qədər səhmlərin alınmasına razılıq veriblər.
“PayPay”in yerləşdirmə qiymətinin martın 11-də müəyyənləşdirilməsi gözlənilir. Şirkətin depozitar qəbzləri Nasdaq birjasında PAYP tikeri ilə ticarət olunacaq. Bununla belə, “Bloomberg” və “Reuters”in mənbələri bildiriblər ki, Yaxın Şərqdəki münaqişə ilə bağlı bazar qeyri-müəyyənliyi səbəbindən “PayPay” IPO çərçivəsində marketinq kampaniyasını təxirə salmaq qərarına gəlib.
“Bloomberg”in hesablamalarına görə, qiymət diapazonunun yuxarı həddi ilə “PayPay”in bazar dəyəri təxminən 13,4 milyard dollar təşkil edə bilər. Şirkət 10 milyard dollardan yuxarı qiymətləndirməyə can atırdı, halbuki Masayoşi Son 20 milyard dollarlıq qiymətləndirmədə israr edirdi.
“PayPay” 2018-ci ildə Hindistanın “Paytm” ödəniş sistemi ilə birgə müəssisə kimi yaradılıb. Aktiv marketinq, iri subsidiyalar və “SoftBank”ın dəstəyi sayəsində şirkət istifadəçi sayına görə Yaponiyada rəqiblərini sürətlə geridə qoyub. 2025-ci ilin sonuna “PayPay” istifadəçilərinin sayı 72 milyonu keçib (Yaponiyanın əhalisi təxminən 123 milyon nəfərdir). Fevral ayında şirkət “Visa” ilə tərəfdaşlıq elan edib.
2025-ci ilin dekabrında başa çatan maliyyə ilinin ilk doqquz ayının nəticələrinə görə, “PayPay”in mənfəəti 103,3 milyard yen (656 milyon dollar), gəliri isə 278,5 milyard yen (1,77 milyard dollar) olub. Müqayisə üçün, bir il əvvəl mənfəət 28,96 milyard yen (183,6 mln dollar), gəlir isə 220,4 milyard yen (1,4 milyard dollar) təşkil etmişdi.






