Venesuelanın dövlət mədən şirkəti “Minerven” treyder şirkəti “Trafigura”ya 650 kq-dan 1 min kq-a qədər qızıl tədarük etməyi öhdəsinə götürüb. Bu qızıl daha sonra ABŞ-dəki affinaj zavodlarına göndəriləcək. “Axios”un məlumatına görə, müvafiq saziş hələ martın 2-də bağlansa da, rəsmi şəkildə elan edilməyib.
Müqaviləyə əsasən, qızıl külçələrində son tərkibin təmizliyi 98% olmalıdır. Sazişin bağlanmasına ABŞ-nin daxili işlər naziri Duq Berqam kömək edib. O, hazırda Venesuelada səfərdədir. “Trafigura” treyderi daha əvvəl də Venesuela neftinin ABŞ-yə satışında vasitəçi kimi çıxış edib və həmin müqavilələrin ümumi dəyəri 1 mlrd dollardan çox olub.
“Axios”un ABŞ hökumətindəki mənbələri qızıl sazişini Venesuela üçün sərfəli hesab edir və bildirirlər ki, ölkədə əvvəllər qara bazar qaçaqmalçıları ilə bağlı korrupsiya geniş yayılmışdı. ABŞ üçün isə əsas məqam ondan ibarətdir ki, əvvəllər qızıl Türkiyə və ya İrana göndərilirdisə, indi bu resurs ABŞ-yə yönləndiriləcək.
Bundan əvvəl Venesuela hakimiyyətinin mədən sənayesində islahat hazırladığı məlum olub. Məqsəd bu sahəyə xarici investorların cəlb edilməsidir. Müvafiq qanun layihəsinin yaxın günlərdə təsdiq üçün Venesuelanın Milli Assambleyasına təqdim ediləcəyi gözlənilir.
Ehtimal edilir ki, ölkədə sürmə, mis, nikel, koltan, molibden, maqnezium, gümüş, sink, titan, volfram və uran ehtiyatları mövcuddur, lakin onların həcmi geoloji kəşfiyyat işləri ilə hələ təsdiqlənməyib.






