ABŞ İrana qarşı hərbi əməliyyatın ən azı 100 gün, yəni sentyabr ayınadək davam edəcəyini gözləyir. Bu barədə “Politico” Pentaqonun daxili sənədinə istinadən məlumat yayıb. Sənədə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri İrana qarşı əməliyyatları dəstəkləmək üçün qərargahlarına əlavə hərbi kəşfiyyatçıların göndərilməsini xahiş ediblər.
Qəzet yazır ki, ABŞ Dövlət Departamenti Yaxın Şərqdə qalan amerikalıların təxliyəsi üçün əlavə resurslar ayırır, Pentaqon isə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan amerikalı hərbçilərin sayını təcili şəkildə artırır. “Politico” qeyd edir ki, bu addımlar ABŞ administrasiyasının “qarşılaşdığı daha genişmiqyaslı müharibəyə tam hazır olmadığını” göstərir.
28 fevralda İsrail və ABŞ İrana zərbələr endirib. Buna cavab olaraq Tehran İsraili və Fars körfəzindəki ABŞ hərbi bazalarını hədəfə alıb.
3 martda ABŞ prezidenti Donald Tramp ölkənin “sonsuz müharibə” aparmaq üçün kifayət qədər resurslara malik olduğunu bildirib və İranla danışıqlar aparmaq üçün artıq gec olduğunu deyib. İran hakimiyyəti isə cavab olaraq ABŞ və İsrailə qarşı “istənilən qədər” müqavimət göstərməyə hazır olduqlarını açıqlayıb.
Tehranın məlumatına görə, qarşıdurma nəticəsində artıq 500-dən çox amerikalı hərbçi həlak olub.





