Şirkətin sabiq vəzifəli şəxsləri yarım milyondan çox mənimsəmədə ittiham olunur.
Banker xəbər verir ki, “İstək” MMC-nin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə istintaq tamamlanıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, “İstək” MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Sultan Rəsulov, Fərid Ələkbərov saxta köçürmələr vasitəsilə şirkətin 637 min manat pulunu mənimsəməkdə ittiham olunurlar.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (leqallaşdırma – xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampını, möhürünü, blankını hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.
İstintaq əvvəl Binəqədi Rayon Prokurorluğunda aparılsa da, sonradan Nərimanov Rayon Prokurorluğuna göndərilib.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





