Ölkələr üzrə dollar milyarderlərinin sayını əks etdirən “Global Rich List 2026” reytinqində birinci yeri Çin tutaraq ABŞ-ni qabaqlayıb. Bu barədə Çin tədqiqat təşkilatı “Hurun Research Institute” tərəfindən dərc edilən hesabatda qeyd olunur. Yanvar ayına olan məlumata görə, siyahıya 726 yeni iştirakçı daxil edilib, onların 318-i Çin vətəndaşıdır.
Şirkət bildirir ki, dünyada dollar milyarderlərinin ümumi sayı ilk dəfə 4 min həddini keçərək 4020 nəfərə çatıb. Çində 1110 milyarder var ki, bu da əvvəlki illə müqayisədə 287 nəfər çoxdur. İkinci yerdə 1000 milyarderlə ABŞ qərarlaşıb (+130). Üçüncü yeri isə 308 nəfərlə Hindistan tutur (+24). Onların ardınca Almaniya, Birləşmiş Krallıq və İsveçrə gəlir. Rusiya reytinqdə 7-ci yerdə qərarlaşıb — ölkədə 105 milyarder var (+10). İlk onluğa həmçinin Avstraliya, Sinqapur və Kanada daxildir.
Dünyanın ən varlı insanı isə artıq altıncı ildir ki, amerikalı milyarder İlon Mask olaraq qalır. Onun sərvəti 792 milyard dollar qiymətləndirilir.
Milyarderlərin fəaliyyət göstərdiyi şirkətlər arasında 114-ü süni intellekt sahəsində çalışır. Onlardan 46-sı siyahıya ilk dəfə daxil edilib. Şirkət qeyd edir ki, süni intellekt hazırda dünyada yeni milyarderlərin yaranmasının ən böyük mənbəyinə çevrilib.





