“Amazon” 25–30 milyard dollar məbləğində ABŞ dolları ilə istiqrazlar və 10 milyard avroya qədər avro ilə istiqrazlar yerləşdirməyi planlaşdırır. “Bloomberg” məsələ ilə tanış mənbələrə istinadən yazır ki, ümumilikdə şirkət 37–42 milyard dollar vəsait cəlb edə bilər. Bu isə yerləşdirməni tarixdə korporativ istiqrazlar arasında ən iri əməliyyatlardan birinə çevirə bilər.
Mənbələrin sözlərinə görə, “Amazon” ABŞ bazarında dövriyyə müddəti iki ildən 50 ilə qədər olan 11 istiqraz buraxılışı yerləşdirməyi planlaşdırır. Ən uzunmüddətli buraxılışın — 2076-cı ildə ödənişi nəzərdə tutulan istiqrazların — ABŞ xəzinə istiqrazlarının gəlirliliyinə təxminən 1,55 faiz bəndi əlavə gəlirliliklə yerləşdirilməsi planlaşdırılır. Bu yerləşdirmənin təşkilatçıları arasında “HSBC Holdings”, “Citigroup”, “Goldman Sachs Group” və “JPMorgan Chase & Co.” bankları var. Onlar “Bloomberg”in şərh sorğusuna cavab verməyiblər.
“Amazon” həmçinin Avropa bazarında səkkiz istiqraz buraxılışını avro ilə yerləşdirməyi planlaşdırır. Bu istiqrazların dövriyyə müddəti iki ildən 38 ilə qədər olacaq.
“Amazon”un istiqraz yerləşdirməsi süni intellekt infrastrukturu üçün çoxmilyardlı investisiyalar cəlb etmək məqsədilə iri texnologiya şirkətlərinin həyata keçirdiyi əməliyyatların növbəti nümunəsi olacaq. Fevral ayında “Alphabet” ABŞ və Avropada istiqraz yerləşdirməklə təxminən 32 milyard dollar, “Oracle” isə 25 milyard dollar vəsait cəlb edib.
“Amazon” sonuncu dəfə istiqrazları noyabr ayında — 15 milyard dollar məbləğində yerləşdirmişdi. Yeni yerləşdirmə investorların texnologiya şirkətlərinin süni intellektə yönələn nəhəng xərclərinin özünü doğruldub-doğrultmayacağı ilə bağlı narahatlıq fonunda həyata keçirilir. “Amazon” süni intellekt üçün çiplərə, məlumat emalı mərkəzlərinə və digər avadanlıqlara təxminən 200 milyard dollar investisiya etməyi planlaşdırdığını bildirib.
Ümumilikdə “Amazon”, həmçinin “Alphabet”, “Meta Platforms”, “Oracle” və “Microsoft” bu il kapital xərclərinin 650 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.






