Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi cari ilin yanvarında istehlak bazarına nəzarət tədbirləri çərçivəsində “Tam Store” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Banker.az xəbər verir ki, yoxlama zamanı supermarketdə qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən olunub. Bu səbəbdən müəssisə barəsində 22 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.
Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, malın hesabına dair istehlakçının az miqdarda aldadılması hallarında şirkətlər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Tam Store” MMC Azərbaycanda fəaliyyət göstərən supermarketlər şəbəkəsidir və pərakəndə satış sahəsində işləyir. “Avrora Group”a daxil olan şirkət 2023-cü ildə yaradılıb və “Tam Store” adı ilə ölkədə marketlər şəbəkəsi kimi fəaliyyət göstərir.






