10 C
Baku
Thursday, March 12, 2026

Hörmüz boğazında neft tanker­lərinin icarə qiyməti 600% artıb

Martın əvvəlində Hörmüz boğazından keçən tanker daşımaları üzrə fraxt (icarə) dərəcələri barel üçün 14 dollardan çox olub. Bu göstərici ötən ilin səviyyəsindən 600% yüksəkdir. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, qiymətlərin artması bölgədə raket və pilotsuz uçuş aparatları ilə hücumlar səbəbindən gəmiçiliyin kəskin azalması ilə birbaşa bağlıdır. Bu isə Hörmüz boğazı vasitəsilə daşımaların faktiki olaraq dayanmasına gətirib çıxarıb. BEA əlavə edib ki, Fars körfəzindən Asiyaya neft daşımalarının təxminən 98%-i çox böyük VLCC sinifli tanker gəmiləri ilə həyata keçirilir.

Fevral ayında da Hörmüz boğazında VLCC tanker gəmiləri üzrə fraxt dərəcələri artıq barel üçün 2,54 dollar artaraq 4,13 dollara çatmışdı (illik müqayisədə +141%). Agentlik qeyd edib ki, fraxt qiymətlərindəki sıçrayış digər gəmi siniflərinə də təsir edib.

Hörmüz boğazı Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün əsas marşrutdur. ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra İran boğazda hərəkəti məhdudlaşdırmağa və bu marşrutdan keçməyə çalışan tankerlərə hücum etməyə başlayıb.

Enerji böhranı ilə mübarizə məqsədilə ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla BEA-ya üzv ölkələr strateji ehtiyatlardan neft buraxmaq barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər