Fars körfəzi ölkələrinin neft hasilatı şirkətləri Hörmüz boğazından gəmi hərəkətinin dayanması səbəbindən təxminən 15,1 milyard dollar gəlir itiriblər. Bu barədə ekspertlərə istinadən “Financial Times” (FT) məlumat yayıb.
“Wood Mackenzie” konsaltinq şirkətinin hesablamalarına görə, Hörmüz boğazının faktiki bağlanması ən çox Səudiyyə Ərəbistanına zərbə vurub — ölkə neft ixracından 4,5 mlrd dollar gəlir itirib. Qətərin “Qatar Energy” neft-qaz şirkəti isə 2–11 mart tarixləri arasında hasilatın dayandırılması səbəbindən təxminən 571 milyon dollar gəlir əldə edə bilməyib. Ekspertlərin fikrincə, hasilat və tədarükdəki fasilələrdən ən ciddi zərəri İraq görə bilər, çünki ölkə büdcə gəlirlərinin təxminən 90%-ni neft hasilatından əldə edir. Qətər və Küveyt də mənfi təsirlə üzləşə bilər, lakin qısa müddətdə suveren fondlarının vəsaitlərindən istifadə edə bilərlər.
FT analitik “Kpler” şirkətinin məlumatlarına istinadən yazır ki, Hörmüz boğazında bloklanan gəmilərdəki neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) ümumi dəyəri ən azı 10,7 milyard dollar təşkil edir. Orta hesabla boğaz vasitəsilə hər gün 1,2 milyard dollar dəyərində enerji resursu daşınırdı.
Bundan əvvəl “Saudi Aramco” şirkətinin rəhbəri Amin Nasser bildirmişdi ki, şirkət tədarüklər üçün alternativ marşrutlardan istifadə etmək niyyətindədir. O cümlədən məhsulların Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı vasitəsilə, bloklanan Hörmüz boğazını yan keçməklə ixracı nəzərdən keçirilir.
Martın 2-də İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Ebrahim Cabari xəbərdarlıq etmişdi ki, İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatı səbəbindən dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı gəmilərin keçidi üçün bağlanacaq. Martın 5-də isə İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, boğaz bağlanmayıb, sadəcə gəmilər və tankerlər tərəflərin zərbələrindən ehtiyat edərək onu keçməyə cəhd etmirlər.







