Neft şirkətlərinin rəhbərləri Trampa enerji böhranının dərinləşə biləcəyi barədə xəbərdarlıq ediblər

ABŞ-nin neft şirkətlərinin rəhbərləri İranla müharibə fonunda enerji böhranının dərinləşə biləcəyi, neft qiymətlərinin artacağı və neft məhsullarında çatışmazlıq yaranacağı barədə ABŞ prezidenti Donald Tramp administrasiyasını xəbərdar ediblər. Ağ ev nümayəndələrinin “Exxon Mobil”, “Chevron” və “ConocoPhillips” rəhbərliyi ilə görüşləri ötən həftə baş tutub, lakin cənab Tramp bu görüşlərdə şəxsən iştirak etməyib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Ağ ev sektor nümayəndələrini əmin edib ki, qlobal enerji bazarlarını sabitləşdirmək üçün “sutka boyu işləyir”. Görülən tədbirlər arasında Rusiyanın neftinə qarşı sanksiyaların daha da yumşaldılması və enerji ehtiyatlarının geniş miqyasda bazara buraxılması var. Həmçinin ABŞ limanları arasında xam neftin daşınmasını məhdudlaşdıran qanunun ləğv edilməsi planlaşdırılır ki, bu da Venezueladan tədarüklərin artırılmasına imkan verə bilər.

Neft şirkətləri isə hesab edir ki, bu tədbirlər böhranı cilovlamaq üçün kifayət etməyəcək. Əsas həll yolu dünya üzrə gündəlik neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birinin keçdiyi Ormuz boğazının blokadasının aradan qaldırılmasıdır. “The Wall Street Journal” mənbələrinin məlumatına görə, Pentaqon hazırda boğazın “aylar deyil, bir neçə həftə ərzində” açılmasına imkan verəcək variantları araşdırır.

Son xəbərlər
Digər xəbərlər