İranla münaqişənin uzanması Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ iqtisadiyyatları üçün ciddi tənəzzül riski yaradır və bəziləri üçün bu, 1990-cı illərdən bəri ən ağır geriləmə ola bilər. Bu barədə “Goldman Sachs” analitiklərinin qiymətləndirməsinə istinadən “Bloomberg” yazır.
“Goldman Sachs”ın iqtisadçısı Farouk Soussinin proqnozuna görə, əgər müharibə aprelə qədər davam edərsə və Hörmüz boğazında gəmiçilik iki ay dayandırılarsa, 2026-cı ildə Qətər və Küveytin ÜDM-i 14% azala bilər. Bu, 1990–199-ci illərdən bəri ən dərin iqtisadi geriləmə olacaq.
Səudiyyə Ərəbistanı və BƏƏ neft axınlarını boğazdan yan keçirmə imkanına görə daha az zərər görə bilər, lakin yenə də onların ÜDM-i müvafiq olaraq təxminən 3% və 5% azalaraq 2020-ci il pandemiyasından bəri ən pis göstərici ilə üzləşə bilər.
Soussi qeyd edib: “Bir çox Körfəz iqtisadiyyatları üçün müharibə qısamüddətli perspektivdə COVID-dən daha ciddi təsir göstərə bilər. Toz-duman çəkildikdən sonra onlar bərpa olunacaq, lakin münaqişənin etimada vurduğu zərərin nəticələri hələ görünəcək”.
Analitiklər vurğulayırlar ki, region “ikiqat zərbə” ilə üzləşib: həm neft, həm də qeyri-neft sektorları zərər görür. Hörmüz boğazının blokadası fonunda “Brent” markalı neftin qiyməti cümə günü bir barel üçün $103-ü keçib. Qətər mayeləşdirilmiş təbii qaz ixrac etmək imkanını itirib, Bəhreyn isə dünyanın ən böyük alüminium zavodunda istehsalı azaltmağa məcbur olub.
Qeyri-neft sektorunda isə zərbə əsasən daşınmaz əmlak, turizm və investisiyalara dəyəcək. Bununla belə, ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı nisbətən daha yaxşı vəziyyətdə ola bilər: krallıq hücumların əksəriyyətini dəf edir, hava məkanı və biznes fəaliyyəti açıq qalır. Üstəlik, yüksək neft qiymətləri qorunarsa, 2026-cı ildə Səudiyyə Ərəbistanının büdcə kəsiri müharibədən əvvəl proqnozlaşdırılandan daha aşağı ola bilər.
BƏƏ-nin büdcə profisitini qoruyacağı ehtimal edilir, Qətərin isə büdcə kəsiri arta bilər.
İqtisadçılar bildirirlər ki, Körfəz ölkələri borc bazarlarında borclanmağa davam edə bilərlər. İnvestorlar isə hələlik istiqrazlarla bağlı ciddi narahatlıq ifadə etmirlər, çünki bazar qiymətlərində uzunmüddətli münaqişə ssenarisi nəzərə alınmır.






