Azərbaycanın tədiyə balansında $1.4 mlrd. kəsir olub – Bu nə ilə əlaqəlidir?

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard ABŞ dolları kəsir qeydə alınmışdı.

“Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman BOP6 (Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır”, – deyə AMB rəsmisi əlavə edib.

Tədiyyə balansında kəsir ölkədən çıxan valyutanın daxil olandan çox olması və fərqin adətən valyuta ehtiyatları hesabına bağlanması deməkdir. Bununla belə, cari əməliyyatlar balansında (CƏB) və xidmət balansında profisit mövcuddur və ümumi kəsir əsasən kapital və maliyyə axınlarında çıxışla əlaqələndirilir.

2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında 3,5 milyard ABŞ dolları və ya ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i həcmində profisit formalaşıb. Nəsirovun sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə təxminən 25 % azdır.

“Bu məbləğdə profisitin olması makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil sayılmalıdır”, – deyə AMB rəsmisi qeyd edib.

2025-ci ildə Azərbaycanın kapital və maliyyə hərəkəti hesabının mənfi saldosu, yəni ölkədən kapital və maliyyə axını, təxminən 5 milyard ABŞ dolları təşkil edib.

Samir Nəsirovun sözlərinə görə, ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard ABŞ dolları artıb.

2025-ci ildə Azərbaycana xaricdən 1 milyard 177 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 505,1 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

Onun sözlərinə görə, bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 8,7 % artım və 4,1 % azalma deməkdir.

AMB rəsmisi bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (479,3 milyon ABŞ dolları), Türkiyədən (193,2 milyon ABŞ dolları), ABŞ-dən (100,7 milyon ABŞ dolları), Gürcüstandan (43,6 milyon ABŞ dolları) və Böyük Britaniyadan (42,4 milyon ABŞ dolları) daxil olub.

Bundan əlavə, il ərzində Azərbaycandan xaricə köçürülən pul baratlarının həcminə görə ilk beşlikdə Türkiyə (145,7 milyon ABŞ dolları), ABŞ (76,4 milyon ABŞ dolları), Rusiya (46,4 milyon ABŞ dolları), Böyük Britaniya (26,7 milyon ABŞ dolları) və Gürcüstan (26,2 milyon ABŞ dolları) yer alıb.

Son xəbərlər
Digər xəbərlər