Bloomberg: HSBC süni intellektin tətbiqi fonunda 20 minə qədər işçini ixtisar edir

Böyük Britaniyanın ən iri bankı HSBC süni intellekt (AI) texnologiyalarının tətbiqi hesabına təxminən 20 min iş yerini, yəni ümumi heyətin 10%-dən çoxunu ixtisar etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, bank rəhbərliyi “yaxın illərdə genişmiqyaslı ixtisarlar” imkanını nəzərdən keçirir. Gözlənilir ki, ixtisarlar ilk növbədə qlobal xidmət mərkəzlərində müştərilərlə birbaşa əlaqəsi olmayan vəzifələri əhatə edəcək. İşdən çıxarmalar həmçinin bəzi bölmələrin satılması və digərlərinin birləşdirilməsi zamanı da baş verə bilər. Hazırda HSBC-də təxminən 210 min nəfər çalışır.

HSBC-nin maliyyə direktoru Pem Kaur daha əvvəl bildirib ki, bank AI-dən həm xərclərin azaldılması, həm də əmək məhsuldarlığının artırılması məqsədilə istifadə imkanlarını nəzərdən keçirir. Şirkət müştəri xidmətləri mərkəzlərinin işində, şəxsiyyətin yoxlanılması və əməliyyatların monitorinqində süni intellekti tətbiq edə bilər.

“Bloomberg Intelligence” (BI) hesabatına əsasən, aparıcı beynəlxalq banklar süni intellektin geniş tətbiqi fonunda yaxın 3–5 il ərzində 200 minə qədər iş yerini ixtisar edə bilər. BI tərəfindən sorğu keçirilmiş informasiya və texnologiya bölmələrinin rəhbərləri orta hesabla işçi sayının 3% azalacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər