Son 24 saat ərzində qlobal neft və qaz bazarlarında Yaxın Şərqdəki gərginliyin kəskin artması fonunda ciddi qiymət artımı və infrastrukturlara qarşılıqlı hücumları olması neftə bərabər təbii qaz qiymətlərini də tətikləyir.
Banker.az xəbər verir ki, Niderlandın qaz habında (TTF) təbii qazın hər 1000 kub-metrinin dəyəri 25% bahalaşaraq 814 ABŞ dolları olub. Bəzi vaxtlarda isə hər 1000 kub-m üçün 840 dollar olub.
Hazırda TTF-dəki qiymət 2022-ci ilin noyabrından bu tərəfə ən yüksək göstəricidir.
Son 24 saat ərzində İranın Qətərdəki dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixrac zavodunun yerləşdiyi Ras Laffan sənaye kompleksinə raket zərbələri endirdiyi bildirilir. Qətər tərəfi müəssisəyə “ciddi ziyan” dəydiyini təsdiqləyib.
Bundan öncə isə ABŞ və İsrail qüvvələrinin İranın ən böyük qaz yatağı olan Cənub Pars yatağına zərbə endirib. Cənub Pars yatağındakı infrastrukturuna zərbələr endirdiyi barədə məlumatlar yayılıb. Bu, münaqişənin birbaşa enerji hasilatı mərkəzlərinə keçdiyini göstərir.
Boğazın faktiki olaraq qapalı qalması tədarük zəncirində qlobal narahatlığı artırıb. Qlobal LNG axınının təxminən 20 faiz bu marşrutdan asılıdır.
Qiymətlər son 24 saatda 5 faizdən çox artaraq bir barel üçün 112-113 dollar səviyyəsinə çatıb. Treyderlər infrastrukturun zədələnməsi səbəbindən hasilatın bərpasının uzun çəkəcəyini proqnozlaşdırırlar.
Göründüyü kimi, bazarda hazırda “tədarük şoku” qorxusu hakimdir. Xüsusilə Qətərin LNG ixracının dayanması Avropa və Asiya bazarlarında qaz qıtlığı riskini yaradır. ABŞ-da isə prezident Trampın daxili bazarda yanacaq xərclərini azaltmaq üçün “Jones Act” qanununu müvəqqəti dayandırması diqqət çəkən addımlardan biridir.
Yeri gəlmişkən Avropa Azərbaycan təbii qazının ixrac etdiyi bazardır. Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 4 mlrd. 381 mln. kub-m təbii qaz ixracından 1 mlrd. 285 mln. dollar valyuta əldə edib. İxrac təqribən 5% artıb. Ümumi ixracın yarıdan çoxu (təxminən 2,3-2,5 milyard kubmetr) Avropa İttifaqı ölkələrinin payına düşür. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. 2026-cı ilin mart ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında Almaniya və Avstriyanın rəsmən siyahıya əlavə olunduğu və TAP kəmərinin ötürücülük qabiliyyətinin illik 1,2 milyard kubmetr genişləndirildiyi vurğulanıb.
2026-cı il Azərbaycanın dövlət büdcəsində təbii qazın ixrac qiyməti 1000 kubmetr üçün 440 dollar səviyyəsində müəyyən edilib.







