Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdə artan gərginliyin qlobal neft təchizatında ciddi böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və istehlakın sürətlə azaldılması üçün radikal tədbirlərə çağırıb.
Agentliyin məlumatına görə, dünya neft daşımalarının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında nəqliyyatın dayanma həddinə çatması fonunda neftin qiyməti 1 barel üçün 100 dolları ötüb.
BEA bildirib ki, strateji ehtiyatlardan 400 milyon barel neftin bazara buraxılması planlaşdırılır, lakin bu addım təkbaşına kifayət etməyəcək. Bu səbəbdən istehlakın azaldılması üçün təcili davranış dəyişiklikləri vacib hesab olunur.
Təklif olunan tədbirlər arasında nəqliyyat sektorunda məhdudiyyətlər xüsusi yer tutur. Belə ki, mümkün sahələrdə uzaqdan iş rejiminə keçid, avtomobil yollarında sürət limitinin ən azı 10 km/saat azaldılması və şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyatın təşviqi tövsiyə edilir.
Bundan əlavə, iri şəhərlərdə “tək-cüt nömrə” sistemi, avtomobil paylaşımı, yük daşımalarında optimallaşdırma və qənaətli sürücülük üsullarının tətbiqi təklif olunur. Hava nəqliyyatında isə alternativi olan hallarda, xüsusilə işgüzar uçuşlardan imtina edilməsi tövsiyə edilir.
BEA həmçinin hökumətləri aşağı gəlirli əhali qruplarını qorumaq üçün dəstək tədbirləri görməyə çağırıb və fərdi davranış dəyişikliklərinin qlobal bazardakı təzyiqi azaltmaqda mühüm rol oynadığını vurğulayıb.







