Dövlət Neft Fondu (SOFAZ) daşınmaz əmlak portfelini açıqlayıb.
Fondun 2015-ci il üzrə hesabatına görə, 2015-ci ilin avqust ayında ARDNF Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou avenyuda yerləşən Kirarito Ginza ticarət tipli daşınmaz əmlakının 98% hissələrini alıb.
Binanın satıcısı qismində “GK John SPC” çıxış etmiş və alış qiyməti 52,3 milyard yen olmuşdur. “Mitsubishi UFJ Trust and Banking Corporation” daşınmaz əmlakın qalan 2%- nin sahibi və həm də binanın idarəetmə şirkətidir.
Kirarito Ginzanın tikintisi 2014-cü ilin may ayında başa çatıb və 16 581,94 m2 ümumi sahəsi olmaqla 12 yerüstü və 3 yeraltı mərtəbədən ibarətdir. Bina 47 icarədara icarəyə verilib. Alış zamanı binada orta icarə müddəti 7 il olub.
2015-ci ilin sonuna SOFAZ-ın daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olmuşdur. 2015-ci ildə qeyd olunan aktivlər üzrə illik icarə gəlirləri aşağıdakı kimidir:
– London, 78 Seynt Ceyms küçəsi – 9648048 ingilis funt sterlinqi;
– Paris, Vendom Meydanı 8 – 5860400 avro;
– Moskva, Tverskaya 16 (Qalereya Aktyor binası) – 349659 36 rubl;
– Seul, Payn Avenyu Tauer A – 31071645406 Koreya vonu;
– Tokio, Kirarito Ginza – 722169920 yapon yeni.
2015-ci ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik 2014-cü ilə nisbətən aşağı olub.
2015-ci ildə SOFAZ-ın törəmə şirkəti olan Tverskaya 16 OAO və dünyanın məşhur şirkətlərindən biri arasında Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlanılıb.
Şirkət binanın ticarət mərkəzi hissəsini yenidənqurma işləri tamamlandıqdan sonra, 2017-ci ilin mart ayından başlayaraq istifadə edəcəkdir. 2015-ci ilin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilib.
Qiymətləndirmənin nəticələri və aktivləri qiymətləndirən şirkətlər aşağıdakı kimidir:
– London 78 Seynt Ceyms küçəsi. “Knight Frank LLP”. – 217000000 ingilis funt sterlinqi dəyərində qiymətləndirilib.
– Paris Vendom Meydanı 8. “BNP Paribas Real Estate”. – 164610000 avro dəyərində qiymətləndirilib.
– Moskva Tverskaya 16 (Qalereya Aktyor binası). “Cushman & Wakefield”. – 5400000000 rubl dəyərində qiymətləndirilib.
– Seul, Payn Avenyu Tauer A. “Kyungil Appraisal”. – 492100000000 Koreya vonu dəyərində qiymətləndirilib.
– Tokio, Kirarito Ginza. “Daiwa Real Estate Appraisal”. – 5260000000 yapon yeni dəyərində qiymətləndirilib.
Oxu.az