31 dekabr 2015-ci il tarixinə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) respublikaya 30,169 ton qızıl gətirib. Bu barədə fondun 2015-ci il üzrə maliyyə hesabatında deyilir.
«Fondun 2012-2013-cü illərdə aldığı 30,175 ton (970,146 troya unsiyası) qızıldan 31 dekabr 2015-ci il tarixinə 30,169 tonu ölkəyə gətirilib və müvəqqəti olaraq Mərkəzi Bankda yerləşdirilib», – deyə hesabatda bildirilir.
1 yanvar 2015-ci il tarixinə ARDNF-in aldığı qızılın balans dəyəri 1 mlrd. 618,895 mln. manat təşkil edir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 79,4% çoxdur.
Xəbər verildiyi kimi, ARDNF 2012-2013-cü illərdə 30175 kq qızılın alınmasına 1 mlrd. 167,517 mln. manat yönəldib. 2012-ci ildə fond qızıl alışına 624,735 mln. manat, 2013-cü ildə 542,782 mln. manat sərmayə yatırıb.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
İnterfaks