Azərbaycan Mərkəzi Bankı (AMB) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar”da dəyişikliklər edib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurum sığorta bazarının davamlı və dayanıqlı inkişafı, sığorta xidmətlərinin istehlakçılarına qarşı ədalətli rəftarın gücləndirilməsi, sığorta xidmətlərinə ictimai etimadın gücləndirilməsi məqsədilə fəaliyyətlərini davam etdirir. Həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə sığorta haqlarının müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsidir.
Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.
Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.
Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.
Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.
Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyən edilməsinə, sürücülük intizamının artırılmasına, III şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.
Qeyd edək ki, Banker.az bununla bağlı bu məqaləni dərc etmişdi.
Azərbaycanda 2026-cı ilin ilk iki ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) və ya icbarı -avto-sığorta üzrə sığorta haqları yığımı illik müqayisədə 7.67% artaraq 26.99 mln. manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, eyni dövrdə sığorta ödənişləri 32.12% yüksələrək 26.2 mln. manata çatıb.
Nəticədə bu sığorta növü üzrə zərərlilik əmsalı 2025-ci ilin eyni dövründəki 79.11%-dən 2026-cı ildə 97.06%-ə yüksəlib. Halbuki, 2024-cü ilin eyni dövründə bu rəqəm 68.38% idi. Bu o deməkdir ki, indi sığorta şirkətləri hər 100 manat yığımın təxminən 97 manatını ödənişlərə yönəldirlər.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk iki ayında sığorta haqları 2024-cü illə müqayisədə 2.36%, sığorta ödənişləri isə 18.39% artmışdı.
2022‑ci ilin oktyabrından etibarən sığorta haqlarının hesablanması qaydası dəyişib. Artıq tarif yalnız mühərrik həcminə görə deyil, bir çox risk amillərinə əsaslanaraq müəyyənləşdirilmişdi. Belə ki, sürücünün yaşı və təcrübəsi, nəqliyyat vasitəsinin istifadəsi (Bakı/region), avtomobilin istehsal tarixi və Bonus‑Malus sistemi kimi faktorlar nəzərə alınmağa başlayıb.
Həmin dövrdə sığorta şirkətlərinin zərərlilik əmsalı demək olar ki, əhəmiyyətli dərəcədə aşağı düşmüşdü.
Bundan əlavə Mərkəzi Bank sığorta şirkətləri üçün bir sıra öhdəliklər tətbiq etdi ki, əvvəlki kimi müştərilərinə selektiv yanaşma və ödənişlə bağlı çətinliklər aradan qaldırılıdı. Əlavə olaraq həmin dövrdən başlayaraq müştərilərin məmnuniyyətinə əsaslanan şikayət indeksi dərc edilməyə başladı. Həmin dövrdən sonra bir sıra sığortaçı bu bazarda qalmamağı üstün tutaraq dayandırmaq qərarına gəmişdilər.






