Tesla şirkəti ilin birinci rübündə 351,2 min elektromobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% çox, lakin 2025-ci ilin dördüncü rübü ilə müqayisədə 13% azdır. Rüblük nəticə həmçinin analitiklərin 365 min elektromobil satışına dair proqnozlarından da zəif olub. Bu məlumatların açıqlanmasından sonra Tesla səhmləri 5,4% ucuzlaşıb — bu, son bir ildə ən böyük birgünlük enişdir. İlin əvvəlindən bəri şirkətin səhmləri demək olar ki, 20% dəyər itirib.
Ötən il də Tesla-nın elektromobil satışları mütəmadi olaraq azalırdı, xüsusilə Avropada bu azalma şirkətin qurucusu İlon Maskın siyasi fəaliyyəti və bəyanatları səbəbindən bir çox alıcının narazılığı ilə əlaqələndirilirdi. Bu il isə Avropada satış artımı bərpa olunub: fevral ayında Tesla avtomobillərinin satışı ötən illə müqayisədə 12% artıb.
Bununla belə, Tesla-nın biznesinə model xəttinin köhnəlməsi, ABŞ-da subsidiyaların ləğvi, rəqabətin güclənməsi və iqtisadi qeyri-sabitlik fonunda elektromobillərə ümumi tələbin azalması mənfi təsir göstərməkdə davam edir. Dünyanın ən böyük elektromobil istehsalçısı olan Çin şirkəti BYD-nin satışları isə birinci rübdə daha da çox — 25% azalıb. Bundan əlavə, William Blair şirkətinin analitiki Ceda Dorşhaymerin qeyd etdiyi kimi, Tesla-nın cari nəticələrinə onun “elektromobil biznesini gələcəyin tam avtonom sistemlərinin hazırlanmasına qurban verməsi” də mənfi təsir göstərir.
Tesla birinci rüb üzrə tam maliyyə hesabatını 22 aprel tarixində açıqlayacaq.





