Morgan Stanley neft şoku fonunda Çin üzrə ÜDM proqnozunu aşağı salıb

Morgan Stanley iqtisadçıları 2026-cı il üçün Çinin ÜDM artımı proqnozunu 4,8%-dən 4,7%-ə endirib. Bu, Brent neftinin orta qiymətinin II rübdə bir barel üçün 110 dollar olacağı, daha sonra isə azalacağı baza ssenarisi əsasında hesablanıb.

Sözügedən ssenariyə görə, Hörmüz boğazının faktiki blokadası aprelin sonuna qədər davam edəcək. Bundan sonra Brent neftinin qiyməti IV rübdə 90 dollara, 2027-ci ildə isə 80 dollara qədər enəcək.

Bu şəraitdə Çində istehlak inflyasiyasının 2025-ci ilin yekununda 0,8%, istehsalçı qiymətlərinin isə 1,2% artacağı proqnozlaşdırılır.

Eyni zamanda, ÜDM üzrə baza proqnozunun cəmi 0,1 faiz bəndi azaldılması Asiya ölkələri arasında ən kiçik enişlərdən biri olub. Morgan Stanley ekspertlərinin fikrincə, bu, Çinin alternativ enerji mənbələrinə çıxışı və çevik pul-kredit siyasəti ilə bağlıdır.

Bununla yanaşı, bank hadisələrin inkişafı ilə bağlı alternativ – risk ssenarisini də nəzərdən keçirir.

Risk ssenarisinə əsasən, Hörmüz boğazında gəmiçilik bir neçə ay ərzində bərpa olunmaya bilər. Bu halda Brent neftinin qiyməti II rübdə 150–180 dollar aralığına yüksələcək, daha sonra isə 2027-ci ilə doğru tədricən 80 dollara enəcək.

Belə ssenari reallaşarsa, Morgan Stanley-nin qiymətləndirməsinə görə, Çinin ÜDM artımı 2026-cı ildə cəmi 4,2% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər