Atatürk Hava Limanında baş vermiş terrort aktı ilə əlaqədar bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakı-İstanbul reysinə alınan aviabiletlərin sərnişinlər tərəfindən qaytarılması hallarına rast gəlinib.
Sorğuya cavab olaraq AZAL-dan bildirilib ki, hazırda bu istiqamət üzrə avibiletləri qaytaranlar var: “Türkiyəyə AZALJET və digər reyslərə alınan biletlərdə qaytarılma halları müşahidə olunur. Lakin, bu, kütləvi xarakter daşımır”.
Aviaşirkət tərəfindən qəbul olunan qərara əsasən, “Azərbaycan Hava Yolları”nın Türkiyə istiqamətində iyunun 28-dən iyulun 5-dək olan uçuşlara İstanbul hadisəsindən öncə bilet əldə edən sərnişinlərin istəkləri əsasında həmin aviabiletlər iyulun 15-dək başqa tarixlərə pulsuz dəyişdirilə və ya cəriməsiz qaytarıla bilər: “Bu səbəbdən bilet qaytaranların dəqiq sayını hələ açıqlamaq tezdir”.
Qeyd edək ki, göstərilən tarixdən sonra biletlərin qaytarılmasında güzəşt tətbiq olunmayacaq və bu proses əvvəlki qaydada aparılacaq.
Şirkətdən bildirilib ki, Türkiyə istiqamətində olan uçuşlar əvvəlcədən təsdiqlənən uçuş cədvəlinə uyğun olaraq davam etdirilir.
“Türk Hava Yolları”nın (THY) Bakı ofisində də “Report”a biletlərin qaytarılma hallarının olduğu təsdiqlənib.
Eyni zamanda, THY-nin baş ofisinin yaydığı xəbərə əsasən, iyunun 28-dən iyulun 5-dək Atatürk Hava Limanına gələn və buradan qalxan təyyarələrə bilet alan sərnişinlər üçün iyulun 31-dək qeydiyyatla bağlı bütün müraciətlərlə bağlı prosedurlar pulsuz həyata keçiriləcək.
Report