Palantir-in səhmləri cümə axşamı keçirilən ticarət sessiyasının yekununda 7,3% ucuzlaşıb və bir aydan artıq müddətdə ən aşağı səviyyədə bağlanıb. Səhmlər cümə günü də enişini davam etdirir. İlin əvvəlindən bəri şirkətin qiymətli kağızları ümumilikdə 27% dəyər itirib. Halbuki 2025-ci ildə onlar 135% bahalaşmışdı.
Enişin səbəbi ondan ibarətdir ki, bazarda yeni süni intellekt texnologiyalarının şirkətin məlumat analitikası seqmentində mövqelərini zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar güclənib. Bu, şirkətin güclü maliyyə nəticələri açıqlamasına baxmayaraq baş verir. 2025-ci ilin yekunlarına görə, Palantir-in gəliri 56% artaraq 4,48 milyard dollara çatıb.
Başqa nə baş verib?
Əlavə mənfi amillərdən biri də 2008-ci il böhranı ərəfəsində ABŞ ipoteka bazarına qarşı etdiyi uğurlu mərc ilə tanınan investor Maykl Býurrinin paylaşımı olub. O bildirib ki, Anthropic “Palantir-in bazarını əlindən alır”, lakin sonradan bu paylaşım silinib. Anthropic korporativ seqmentdə iştirakını sürətlə genişləndirir, Palantir isə daha çox dövlət sifarişlərinə yönəlib.
Noyabr ayında Býurri Palantir səhmlərinin ucuzlaşacağı halda gəlir gətirəcək opsionlar almışdı. Elə həmin vaxt o, X sosial şəbəkəsində (keçmiş Twitter) “Böyük oyun” filmindəki obrazının təsviri ilə müşayiət olunan müəmmalı paylaşım etmişdi. Şəkilin altında isə belə yazılmışdı:
“Bəzən biz köpükləri görürük. Bəzən bununla bağlı nəsə etmək olur. Bəzən isə yeganə uduşlu gediş ümumiyyətlə oyuna qoşulmamaqdır”.
O, həmçinin bütöv bir infoqrafika silsiləsi də paylaşmışdı. Onların arasında Bloomberg materialından götürülmüş, OpenAI, Nvidia və süni intellekt bumunun digər iştirakçıları arasında bağlanan sövdələşmələrin qapalı xarakterini göstərən sxem, iri texnologiya şirkətlərinin kapital xərclərinin sürətlə artmasını və onların bulud bölmələrinin gəlir artımının yavaşımasını əks etdirən materiallar da var idi.
Bu niyə vacibdir?
Palantir-in qiymətləndirilməsində bazarın yüksək gözləntiləri artıq nəzərə alınıb. Belə şəraitdə şirkətin kommersiya artımının dayanıqlılığı ilə bağlı istənilən şübhə səhmlərin kotirovkalarında çox tez əks oluna bilər.






