Bloomberg: Asiyanın ən varlı ailələrinin sərvəti 16% artıb

Son 12 ay ərzində Asiyanın 20 ən varlı ailəsinin ümumi sərvəti 16% artaraq 647 milyard dollara çatıb. Bu barədə “Bloomberg” məlumat yayıb. Bu, agentliyin belə hesablamalara başladığı 2019-cu ildən bəri ən yüksək illik artımdır. ABŞ və İran arasında münaqişə səbəbindən qlobal fond bazarlarında korreksiyaya baxmayaraq, gəlirlər artıb.

2026-cı ildə “Bloomberg” Asiyanın ən varlı ailəsi kimi hindistanlı sahibkar Mukeş Ambaninin ailəsini göstərib. O, çoxşaxəli “Reliance Industries” konqlomeratının qurucusu və sahibidir. Agentlik ailənin sərvətini 89,7 milyard dollar qiymətləndirir. “Reliance Industries” liman daşımaları, neft və digər enerji daşıyıcılarının ticarəti, pərakəndə satış, yüksək texnologiyalar və maliyyə xidmətləri ilə məşğuldur.

İkinci yerdə Asiyanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Sun Hung Kai Properties”ə nəzarət edən Honkonqdan Kvoq ailəsi qərarlaşıb (50,2 milyard dollar).

Üçüncü yerdə isə “Samsung” şirkətinə nəzarət edən Cənubi Koreyanın Li ailəsi yer alır (45,5 milyard dollar). Ekspertlər ailənin gəlirlərinin artmasını qismən süni intellekt üçün çiplərə qlobal tələbin yüksək olması ilə izah edirlər ki, bu da yalnız “Samsung”un deyil, bu sektorda fəaliyyət göstərən digər şirkətlərin də gəlirlərini artırıb.

Son xəbərlər
Digər xəbərlər