Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində apardığı audit zamanı artıq ödənişlər, yanacaq sərfi, satınalmalar və inventar uçotu ilə bağlı ciddi nöqsanlar müəyyən edilib.
Audit 2023-cü il, 2024-cü il və 2025-ci ilin ilk 9 ayını əhatə edib, ümumilikdə 10,7 milyon manat xərc yoxlanılıb.
Hesabata görə, şöbə müdirlərinə ştat tələbləri pozulmaqla 139,5 min manat artıq vəsait hesablanıb. Həmçinin, qayda ləğv edildikdən sonra 3 hakimə 37,6 min manat müalicə pulu ödənilib, hakimlərə 25,4 min manat artıq məzuniyyət haqqı, əməkdaşlara isə 1,8 min manat artıq ezamiyyə pulu verilib.
Audit zamanı müəyyən olunub ki, 2024-cü ildə dövlət qulluqçularının mükafatlandırılması üçün hakimlərin müalicəsi üzrə nəzərdə tutulmuş vəsaitdən 80,6 min manat istifadə olunub. Bundan başqa, dövlət qulluqçusu olmayan 4 müqaviləli işçiyə 13,9 min manat mükafat ödənilib.
Palata yanacaq sərfi üzrə də pozuntular aşkarlayıb. Belə ki, xidməti avtomobillər üzrə 723 manatlıq yanacaq əsassız silinib, daha 2,2 min manat dəyərində Aİ-95 benzinin normadan artıq silindiyi müəyyən edilib.
Satınalmalar sahəsində də ciddi nöqsanlar üzə çıxıb. Belə ki, bəzi hallarda satınalma proseduru keçirilmədən birbaşa müqavilələr bağlanıb, bir sıra satınalmalar portal üzərindən aparılmayıb, ehtimal olunan qiymət və uyğunluq göstəriciləri olmadan alışlar həyata keçirilib.
Hesabata əsasən, 83 min manatlıq “Toyota Avalon” avtomobili alınarkən 14,9 min manat ƏDV ödənilməyib, nəqliyyat vasitəsinin bazar qiymətindən 13,6 min manat baha alındığı göstərilib. Digər avtomobil alışı zamanı da 8,3 min manata yaxın ƏDV depozit hesabına köçürülməyib.
Bundan əlavə, təmir işlərində 17,6 min manatlıq görülməmiş işin sənədlərə salındığı, 11,6 min manat cərimə tətbiqinə əsas yarandığı, 9,8 min manat dəyərində inventarın isə əskik olduğu müəyyən edilib.
Auditor rəyində qeyd olunub ki, Ali Məhkəmədə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsi, satınalmalar və maliyyə hesabatlarının tərtibi bəzi hallarda hüquqi aktların tələblərinə uyğun olmayıb.






